BAKI, 25 yanvar — Sputnik. "Pfizer"-"BioNTech" COVID-19-un Omikron ştammına qarşı hazırladığı peyvəndin klinik sınaqlarına başlayır. Sputnik Azərbaycan "Pfizer"in saytına istinadla xəbər verir ki, klinik sınaqlarda 18-55 yaş arası 1420-yə qədər sağlam şəxs iştirak edəcək. Tədqiqat nəticəsində peyvəndin təhlükəsizliyi, davamlılığı və immun reaksiya səviyyəsi öyrəniləcək.
Tədqiqat üç qrupa bölünür:
Birinci qrupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" COVID-19 peyvəndinin iki dozasını qəbul etmiş şəxslərdir. Onlara Omikron ştammına qarşı hazırlanmış spesifik peyvəndin bir və ya iki dozası vurulacaq.
İkinci qrupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" peyvəndinin üç dozasını qəbul ediblər. Onlara cari "Pfizer" peyvəndinin və ya Omikron ştammına qarşı peyvəndin bir dozası vurulacaq.
Üçüncü qrup iştirakçılar COVID-19 peyvəndi vurdurmayıblar. Onlar Omikron ştammına qarşı peyvəndin üç dozasını alacaqlar.
Yeni ştamma qarşı peyvənd 30 mikroqramlıq dozada (hazırkı peyvəndlə eyni doza) əzələyə inyeksiya olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: