BAKI, 25 yanvar — Sputnik. COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət" olan şəxslərə, onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, "Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:
"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni, sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırır".
Xatırladaq ki, dünəndən Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib. Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".