BAKI, 24 yanvar — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib.
Onun sözlərinə görə, səfərin sabah - yanvarın 25-də baş tutması gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul etmişdi.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.
Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı olub. Ondan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov təyin edilib.
Daha sonra bu vəzifəni general-leytenant Gennadi Anaşkin icra edib. Andrey Volkov 2020-ci ilin 10 noyabrından etibarən bu vəzifəyə təyin olunan dördüncü şəxsdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: