YAZARLAR

Cəhalət, xurafat, mövhumat və Əlixan Rəcəbov

Sekulyar dövlətdə yaşadığımız halda, "dindarlar", daha doğrusu xurafat və mövhumat carçıları bu qədər əl-qol aça bilməməlidir. Bu kütlə anlamır ki, Əlixanın filmində təhqir yox, sarkazm var.
Sputnik
İllər əvvəl, "din xadimləri"ni və "molla"ların cəhalətinin, xurafatçılığının və mövhumatçılığının səbəbini anlamaq üçün qəbiristanlıqlarda, məscidlərdə, yas mərasimlərində mollalarla söhbətə girişir, mədrəsə təhsili aldığım üçün "din xadimləri"ni sıxışdırmaqdan, çətinə salmaqdan zövq alırdım.
Bu vərdiş məndə mədrəsə təhsili almağa başladığım dönəmlərdə, təxminən 11-12 yaşımda yaranmışdı. İlk dəfə atamın dünyasını dəyişən ögey bibisinin yas mərasimində mollanın sözünü kəsib "Yasin" surəsini səhv oxuduğu üçün irad bildirəndə 12 yaşım vardı. Kənd camaatının mənə necə baxdığını yadıma salanda, indi də gülməyim gəlir.
Oğuzun Padar kəndində Molla Z.-la etdiyim mübahisə və mübahisədən qalib kimi ayrılmağımdan sonra o məclisdəki qohumlar mənə balaca alim kimi baxmağa başlamışdı. Şübhəsiz ki, zövqlü və bir o qədər də əyləncəli gəlmişdi mənə. Bu həmin ərəfələr idi ki, Ramazan ayında qəbiristanlığa, yas məclisi olan evlərə "Yasin" oxumağa gedirdim. Yəni, "balaca molla" idim.
***
Evlərdə təziyə məclislərinə dəvət alanda molla olmağımı sidq ürəkdən arzulayan nənəm çimdirib, saçlarımı darayır, başıma ağ araqçın qoyur, saxlancından pul çıxarıb kənd dükanından təzə corab alır, sonra məni məclis sahibinə təhvil verib, axşam da evə ötürməyini bərk-bərk tapşırırdı.
Anam qırmızı cildli Quran kitabıma ağ parçadan xüsusi torba tikdirmişdi. Türkiyədən kəndimizdəki mədrəsəyə dərs deməyə gəlmiş, univesitetlərdən birinin ilahiyyat fakültəsinin tələbəsi Mustafa Nəbi hocamın mənə hədiyyə etdiyi kitabı sinəmə sıxıb, böyük adam təmkini ilə məclislərə gedirdim. Çox məsuliyyətlə, diqətlə və mümkün qədər xoş avazla "Yasin" surəsini sonacan oxuyub, molla məktəbində(kənd camaatı kənd mədrəsəsini belə adlandırırdı) öyrəndiyim biliklərimi nümayiş etdirirdim. Yadımdadır ki, yaşımdan böyük söhbətlər edir, hamını islama çağırırdım.
Bu mənim sovet dövründən qalma mollalara, ərəb əlifbasında Quran oxuya bilməyən fırıldaqçılara ilk üsyanım idi. Azacıq bilgilərimlə bilgisizlərə üsyan edirdim. Bu məclislərdə bəzən orta məktəbdə mənə dərs deyən, zamanında elmi ateizm dərsi almış müəllimlərim də olurdu. Onlarla da mübahisəyə girişməkdən zövq alırdım.
Yaşım artıqca, bu sahədə yaxşı təhsil almış, məclis aparmağı daha yaxşı bacaran savadlı mollalar çoxaldıqca, məclislərə getməkdən imtina etməyə başladım. Sözün açığı atam molla olmağıma qətiyyətlə qarşı çıxırdı. Eyni zamanda içimdə yeni-yeni cücərən azadlıq, yaradıcılıq həvəsi məni tutduğum yoldan, – din xadimi olmaq arzusundan uzaqlaşdırırdı.
Şeir yazmağa başlasam da, İslama aid kitabları və Quranı oxumaqdan, araşdırmaqdan vaz keçmədim. 20 yaşıma qədər Musa Topbaş, Osman Nuri Topbaş, İmam Qəzali, Yaşar Nuri Öztürk, Məhəmməd Hamdi Yazır, Əbdüləziz Bayandır kimi alimlərin kitablarını oxusam da, sonradan dini ədəbiyyat oxumaq marağım azaldı. Ancaq xurafata, cəhalətə, mövhumata qarşı mübarizəm getdikcə təkmilləşdi.
Artıq dünyəvi elmlər, fəlsəfə və psixalogiya oxuyurdum, yazdığım yazılarla mübarizə, elmi biliklərlə aparırdım. Xülasə, din pərdəsi altında xurafat yayan adamlara qarşı kimliyindən asılı olmayaraq hər zaman barışmaz olmuşam. Və bütün ruhumla anlayıram ki, bu adamlar sağlam, elmli cəmiyyətin düşmənləridir.
***
İllər öncə, Bakıda, Yasamal qəbiristanlığında Kamal adlı bir mollayla tanış olmuşdum. Mollalıq etməklə yanaşı şeir, aforizm yazırdı. Dediyinə görə hansısa universitetdə 45 il müəllim işləyəndən sonra, mollalığa başlamışdı.(!?)
"İlahi, bu nə sirdir? Görəsən düz, vicdanlı adamlar niyə birləşə bilmir? Ayrı-ayrılıqda məhv olub gedirlər? Onlar nə üçün birləşib şərə qarşı yumruq kimi olmağı bacarmırlar? Halallar, əqidəlilər səs-səmirsiz əriyib yox olurlar…" – Molla Kamalın fikirləridir.
Uzun-uzadı söhbətimizdən belə anlamışdım ki, ən böyük dini savadsızlıq, cəhalət məhz qəbiristanlıqda ruh kimi dolaşan mollalar arasındadır. O vaxtlar Bakı qəbiristanlıqlarında mollalıq edənlərin əksəriyyəti hərbi xidmətdən yayınmaq üçün, cənub zonasından baş götürüb Bakıya gələn cavan uşaqlar idi.
İndi də vəziyyət dəyişməyib, həmin cəhalət, həmin mövhumatçılıq davam edir. Əksəriyyətinin də nə dini savadı, nə ərəb dili bilikləri vardı. Quranı da latın əlifbasında çap olunmuş, çərəkə dedikləri kitabdan oxuyurdular.
***
Rayonumzda məşhur ziyarətgah var, – "Çərşənbə baba" piri. Oğuzdan keçən şosse yolunun kənarında yerləşir. Ətrafı hasarlı, qarşısında bulağı olan, hamınn etiqad etdiyi pirdir. Əksər avtobuslar mütləq o yerdə dayanır, sərnişinlər də həmin pirə nəzirlərini qoyur. "Çərşənbə baba" pirində il ərizində çox böyük məbləğdə pullar yığılır. Bir neçə il əvvəl pirin mollaları nəzir qutusundan çıxan pulları bölüşərkən, aralarında mübahisə yaranmış, biri digərini baltalayıb qətlə yetirmişdi.
***
Gəncədə yaşadığım dönəmdə İslam adına sığınıb hər cür fırıldaqla məşğul olan "din xadimləri" ilə tez-tez rastlaşırdım. Onlarla mübahisə edib, hər fürsətdə onları ifşa edirdim. Yaxşı yadımdadır, xurafata və mövhumata qarşı yazdığım hər yazıdan sonra, dindarlar tərəfindən təhqir və təhdid olunurdum. Sadəcə mən yox, digər qələm adamları da bu cür təhdidlərlə çox rastlaşıb.
Bir neçə dəfə özlərini dindar hesab edən şəxslər tərəfindən fiziki zorakılığa da məruz qalmışam. Haqqımda hər cür təhqir, hər cür böhtan yazılırdı. Yenə də ara-sıra haqqımda təhqiramiz fikirlər yazılır. Bütün bunlara baxmayaraq mən heç vaxt geri addım atmağı düşünmədim. Tanınmış din xadimlərinin əksəriyyəti ilə uzun-uzadı fikir mübadilələrim, mübahisələrim olub.
Hazırda dostluq etdiyim, rahat-rahat müzakirələr edə bildiyim din adamları da az deyil. Əgər xurafatı, cəhaləti və mövhumatı tənqid edirsənsə, "dindarlar"la toqquşma labüddür. Çünki heç bir cahil, cahil olduğuyla razılaşmaq, barışmaq istəmir.
***
Cəhalət, xurafat bu coğrafiyada elmdən, incəsənətdən hər zaman güclü olub. Hətta sovetlərin qılıncı başımızın üstündə olduğu, dinin qadağan edildiyi, məscidlərin anbara çevrildiyi zamanlarda da, insanlar dini inanclarıyla yanaşı, mövhumatı və xurafatı da qoruyub saxlaya bilib.
Pirlərin, ziyarətgahların, övliya qəbirlərinin ziyarət edilməsi ənənəsi sovet dövründə də öz axarında davam edib. İnsanlar nədənsə fövqəlbəşər güclərdən, daşlardan, ağaclardan mədət umub. Bunların mənim oxuduğum islamla yaxından-uzaqdan əlaqəsi yoxdur, – qəbiristanlıqda Quran oxuyan "molla"ların İslamla əlaqəsi olmadığı kimi...
Dindarlar birləşib nəyəsə etiraz edəndə hər dəfə əziz dostum, – yazdıqlarına görə əvvəlcə həbs edilən, Ayətullahlardan biri tərəfindən haqqında ölüm fətvası verilən və sonra qətlə yetirilən Rafiq Tağını xatırlayıram.
***
Son günlər Əlixan Rəcəbovun çəkdiyi "Sonuncu şam yeməyi" filmi "dindarlar"ı əməlli-başlı narahat edib. Hətta savadına və dini biliklərinə şübhə etmədiyim, mövhumatdan uzaq adamlar da kütləvi şəkildə Əlixana hücum edir. Məhz bu mübarizə üsulu, bu qaraguruh hücumu məni narahat edir, əndişələndirir. Vəziyyət o yerə çatdı ki, Əlixan tanınmış ilahiyyatçı Hacı Şahinlə görüşdü, daha sonra dindarlardan üzr istədi.
Bu cür təzyiqə nə ehtiyac vardı? Düşünürəm ki, sekulyar dövlətdə yaşadığımız halda, "dindarlar", daha doğrusu xurafat və mövhumat carçıları bu qədər əl-qol aça bilməməlidir. Çünki bu kütlə anlamır ki, Əlixanın filmində təhqir yox, sarkazm var.
Kütlə bu sarkazmı anlamaya bilər, amma bilgili din adamları bunu öz tərəfdarlarına izah etməyə borcludur. Aktyor Azər Aydəmirin canlandırdığı molla obrazı hansısa dindarı narahat edibsə, mübarizə Əlixanla, onun çəkdiyi filmlə aparılmamalıdır.
Bu gün Bakının istənilən qəbiristanlığında Quranı gülünc şəkildə oxuyan, dolayısıyla dini təhqir edib gözdən salan "Sonuncu şam yeməyi" filmindəki mollanın kifayət qədər prototipi var. Dinin təəssübünü çəkən kütlənin hədəfi məhz dini gözdən salan bu "din xadimləri" olmalıdır.
Əlixanın çəkdiyi filmi, din adamları yox, sənət adamları müzakirə etməlidir. Təəssüf ki, bu cür xoşagəlməz müzakirələr filmin ciddi müzakirələrinə imkan yaratmadı. Şəxsən mən, izlədikdən sonra Əlixanın filminin incəsənət ictimaiyyəti tərəfindən müzakirəsini gözləyirdim. Hətta film haqqında fikirlərimi yazmağı planlaşdırırdım.
Əfsuslar ki, bu gün filmlə bağlı düşüncələrimi yazmaq əvəzinə Əlixanla bağlı ciddi narahatlıq keçirirəm. Ümid edirəm tezliklə emosiyalar soyuyacaq, "daşlar yerinə oturacaq" və sırf film haqqında müzakirələr başlayacaq.