BAKI, 22 yanvar — Sputnik. Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilinə yaxın yerləşir. Uzun illər kənd sakinləri çay yatağından heyvanlarını otarılması üçün istifadə ediblər.
Düzdür rəsmi olaraq bu ərazi örüş olmasa da, kəndin başqa otaraq ərazisi olmadığından çay sahilinin yaşıl kənarları heyvandarlıqda onların çox köməyinə çatıb. Lakin son dövrlər karxanaların fəaliyyəti nəticəsində Ağstafaçayın Qarahəsənli kəndi ərazisindən keçən hissəsində çayın ərazisi qazılaraq tanınmaz hala düşüb.
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
© Sputnik / Ilham Mustafayev
Qarahəsənli kənd sakini Elsevər Əliyev deyir ki, son iki ilə qədər mal-qaralarını bu ərazidə, Ağstafaçayının sahillərində otarıblar. Sonradan isə burada karxana fəaliyyət göstərdiyindən bu ərazilərdən məhrum olublar. O, karxananın fəaliyyəti nəticəsində ərazinin yararsız vəziyyətə düşdüyünü söyləyib:
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
© Sputnik / Ilham Mustafayev
“Bizdə bələdiyyə torpaqları yoxdu. Dədə-babadan həmişə Ağstafa çayının kənarlarında heyvan saxlamışıq. Son 1-2 ildə bu karyerlər, karxanalar bərbad vəziyyətə salıb çayı. Dəfələrlə Ekologiya və təbii sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət eləsək də, bizi həmişə yola veriblər".
"Nazirlikdən deyirlər karxanaların heç bir sənədi yoxdu. Yaxşı, heç bir sənədi yoxdusa bunlar necə işləyir. Qabaqlar bizim kənddə xırda buynuzlu heyvan çox saxlanılırdı. İndi demək olar ki, saxlayan yoxdu. Olan da dam şəraitində saxlamağa məcburdur” - deyə o, bildirib.
Digər sakin Niyazi Babayev bir vaxtlar yamyaşıl olan çay yatağının indi başdan başa qum, çınqıl təpəcikləri, su çuxurları ilə əvəz olunduğunu deyib.
Onun sözlərinə görə çayda suyun çıxışına heç bir axar verilmədiyindən sel gələrsə, kənd camaatının ətrafda olan əkin sahələrinin də su altda qalma təhlükəsi var:
“Bir neçə il bundan qabaq başqa karyer işləyirdi. Çay daşları, xır çayın qabağını kəsmişdi. Sel gələndə də çay səmitini dəyişdi kəndin nə qədər əkin sahələrini yudu apardı. Əvvəl burda istirahət edirdik. Balıq tuturduq. İndi çaya girmək mümkün deyil. Hər yer yalaq yalaqdı. Əvvəl 5 inək saxlayırdım indi 2 inək saxlayıram. Onu yedəyimdə gətirib 20 sot yerimdə oranı ot eləyib ona biçib verirəm”- deyə kənd sakini bildirib.
Sakinlər qazılan yerlərin yenidən doldurularaq çayın əvvəlki vəziyyətə qaytarılmasını istəyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı ərazinin nəzarətə götürüldüyü və çay yatağının əvvəlki vəziyyətə qaytarılması üçün aidiyyatı quruma məcburi göstəriş verildiyi bildirilib.