YAZARLAR

ABŞ Rusiya ilə sonuncu ukraynalıyadək döyüşməyə hazırlaşır

Əslində artıq heç kim pərdələnmir. Gerçəkdən də, Ukrayna ilə heç bir əlaqəsi yoxdur.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Qərb elitalarının bütün KİV-lərdə görünməmiş informasiya hay-küyü qaldıraraq Ukraynanı Rusiyadan “xilas etdiyi” bir vaxtda amerikalı hərbçilər soyuqqanlılıqla öz işlərindədir.
NATO Birləşmiş Hərbi Qüvvələrinin keçmiş baş komandanı Filipp Bridlav Avropada müasir amerikan strateji yük və yanacaqdolduran təyyarələrinin çarışmadığından şikayət edir. Onlar NATO-ya hava üstünlüyü verə bilərdi. Kimin üzərində? Təbii ki, Ukrayna üzərində yox. General Bridlav müharibəni Rusiya ilə planlaşdırıb.
O, yeri gəlmişkən, bir dəfə bu cəbhədə fərqlənib. NATO Hava Qüvvələrinin komandanı olduğu vaxt general 2014-cü ildə Krımda “nəzakətli adamların” peyda olduğunu gözdən qaçırmışdı. Həmin vaxt o, sarsıntı keçirmişdi: Rusiyanın tanınma nişanları olmayan qoşunlardan istifadə etməsini o, “indiyədək gördükləri ən təəccüblü blitskriq” adlandırmışdı. Görünür, indiki situasiyanı o, hər şeyi yenidən qazanmaq şansı kimi qəbul edir.
Pentaqona işləyən Hudzon İnstitutunun analitikləri ortamənzilli Amerika raketlərini təcili surətdə Rusiya sərhədləri yaxınlığında yerləşdirərək NATO qoşunlarını Suvalksk dəhlizini tutmağa göndərməyi təklif edirlər. Ancaq Suvalksk dəhlizi Belarusla Kalininqrad vilayəti arasında 65 km-lik bir sahədir. Bir tərəfində Litva, o birində Polşa var. Xəritəyə baxın: Ukrayna ilə nə əlaqəsi var?
Əslində artıq heç kim pərdələnmir. Gerçəkdən də, Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Amerikalılar Rusiya ilə müharibəyə təşnədirlər. “Cilovlama” – sadəcə təvazökar evfemizmdir. Ukraynadan isə ABŞ, Pribaltika kimi, lazım gəldikcə istifadə edəcək. Ərazi hərbi səhnəyə çevriləcək. Əhali - artilleriya yeminə. Bu ölkələrin rəhbərliyi isə - yerlərdəki haulyayterlərə.
Amerikalı hərbçilərin planından da aydın görünür ki, Ştatların tərəfdaş adlandırdıqları onlar üçün elə də vacib deyillər. Elə Ukraynanın adı da o stratagemalarda ara-sıra çəkilir, necə deyərlər, “məktubun ilk cümlələrində”. Rusiya təcavüzü barədə bir neçə ritual söz, sonra ehmalca onun “cilovlanmasına” keçid, axırda da nəhəng planlar. Suvalksk dəhlizi, yük təyyarələri, "die erste Kolonne marschiert, die zweite Kolonne marschiert..." (Birinci kolon keçir, ikinci kolon keçir – L.Tolstoyun “Hərb və sülh”ündən – tərc. qeydi) Baltikyanı ölkələrlə də durum eynidir.
Son otuz il ərzində limitrof ərazilərdə millətçiliyi o dərəcədə şişirdiblər ki, yerli əhali sadə bir şeyi görməz olub. Nə qədər istəyirlər milli unikallıqları ilə qürrələnsələr də, özləri haqda nə qədər yüksək fikirdə olsalar da, amerikalılar üçün həmişə “rus” olaraq qalırlar. Ya da “sovet adamları kimi”, fərq etməz. Bir sözlə, əsrlərlə Heartland-ə, Avrasiyanın və bütün dünyanın ürəyinə nəzarət edən vaxtilə nəhəng və məğlubedilməz xalqın bir parçası kimi.
Birləşdiyi vaxt bu xalqı heç vaxt heç kim məğlub edə bilmirdi. Amma onu hissələrə bölüb xırda müharibələrə başını qarışdırmağı yoxlamaq olar. Ekspert institutları on illərlə Rusiyanın sərhədləri boyu yaşayan xalqlara “suveren milliyyət” fikirləşməklə məşğuldurlar. Tikmələrdəki naxışlar, döyüş qopakının incəlikləri, movanın əlli çaları, şumerlər, piramidalar – bütün bunlar ağıllı adamlar tərəfindən uzun illər hazırlanır və səbrlə yerli zəminə yayılır.
Ancaq bütün bunlar yadellilər üçün hazırlanan muncuqlara bənzəyir. Bu muncuqlara görə pul vermək də baha oturur. Amerikanın Tayvan kimi koloniyalarının vəziyyəti yaxşıdır. Onlar töycünü yarımkeçiriciləri və mikroçipləri Amerika korporasiyalarına “xüsusi q iymətlərlə” sataraq ödəyirlər. Ukrayna isə indi elə kasıblayıb ki, okeanın o tayındakılara təklif etməyə heç nəyi qalmayıb. O, töycünü öz vətəndaşlarının həyatı ilə ödəyir.
Ukraynanı Rusiyanın əlindən qurtarmaq qərb partnyorlarının ifasında sadəcə heyrətamizdir. Belə görünə bilər ki, sülhə doğru yol danışıqlar, razılaşmaların hazırlanması və ona riayət olunmasından keçir. Ancaq yox, siz anlamazsınız, bu, ayrı şeydir. Amerikalılar ukraynalılara öz “Javeline”lərini, ingilislər tankəleyhinə raketlərini, kanadalılar xüsusi təyinatlılarını göndərirlər. MKİ əməkdaşları Ukrayna hərbçilərini öyrədirlər. Hətta almanlar də bu oyuna qoşulublar. Onlar ukraynalı hərbçiləri tibbi yardımla təmin edirlər. Yəni hərbçiləri də yox, cüzi məbləğ qarşılığında öz həmvətənlərini qırmağa başlayan cəza dəstələrini.
“Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!” – onlar qışqırırlar. “Aha-aha”,- deyə istehza ilə gülümsəyən qərb partnyorları isə onları yarğanın kənarına dartırlar.
Əgər hər şeyi öz adı ilə adlandırsaq, Ukraynanın ABŞ-ın rəhbərliyi altında qərb ölkələri tərəfindən ləng, amma inadlı qəsbi aparılır. Bəli, işdə yerli muzdlulardan, “terbat”lardan istifadə olunur. Onlara, yeri gəlmişkən, təzəlikcə hərbi silah paylanıb. Ancaq yerli kriminalı öz məqsədləri üçün istifadə etmək istlənilən qəsbkarın populyar taktikasıdır. Burada yeni heç nə yoxdur.
Ukrayna rəhbərlərinin bizim yaxşı bildiyimiz sadəlövh hiyləgərliyi ondan ibarətdir ki, bir gediş qabağı fikirləşsinlər. İki gediş o tərəfə gücləri çatmır. 2014-cü ildə belə bir gediş fikirləşmişdilər: biz amerikalılara hə deyərik, onlar buna görə bizi yedirib-içirdərlər, biz isə özümüzü Rusiyanın qurbanları kimi apararıq. “Müharibə! Müharibə!” qışqırarıq,özümüz isə döyüşə getmərik. Dahiyanədir.
Dostlar və qonşular nəzərə almadılar ki, amerikalılar öz variantlarını daha yaxşı hesablayırlar. Al, bu da müharibə, düz qapının ağzınacan gətiriblər, soyuq və aclıqla təhdid edərək vuruşmağa vadar edirlər. Hamını, ilk növbədə Rusiyanı aldatmaq fikrinə düşən ukraynalılar özlərinin sadə tələlərinə düşdülər. Sonra? Sənin polyakların sənə kömək elədilərmi, bala?
Bir saniyəlik təsəvvür edək ki, 2014-cü ildə Ukrayna Maydana əhəmiyyət verməyərək Rusiya ilə normal münasibətlərdə qaldı. Ən azından o vaxtdan bəri hərbi qarşıdurmalarda həlak olan on dörd min adam sağ qalardı. Ölkə iqtisadiyyatı uçuruma düşməzdi, ölkə bütöv qalardı. Qaz qiyməti təxminən Rusiyadakı kimi olardı – indiki hesabla ölçsək, sıfra bərabər olardı. “Torpağa getməyə” hazırlaşmağa gərək qalmazdı. Hə, “vizasız” rejim də olmazdı. Baxın, məgər bu, “vizasız” rejimin qiymətinə dəyərdi? “Şengen” cəmi 35 avrodur. Buna görə həmvətənlərin həyatı ilə ödəniş etmək elə də ağıllı biznes strategiyası deyil axı, sizə elə gəlmir?
Paradoks bundadır ki, təkrarolunmaz atmosferi, mahnıları və varenikləri, Şevçenkosu və Dovjenkosu olan Ukraynaya maraq göstərən yeganə ölkə ancaq Rusiya idi. Qalan dünya üçün isə bura bir vaxtlar Rusiyadan qopmuş, haradasa keçmişdə asılıb qalmış, anlaşılmayan ərazidir. Onu zəbt eləməmək günah olar.
Qərb istilaçılar yerli əhaliyə necə münasibət bəsləyirlər? Lazım gələndə azacıq şübhə etmədən, vicdan əzabı çəkmədən kütləvi surətdə məhv etməyin mümkün olduğu flora və faunanın növləri kimi. Donbasda gənc qvardiyaçıların əhvalatını, Kiyevdə Babiy Yarı yaxşı xatırlayırlar. Elə bugünkü kimi o vaxt da istilaçıların əlaltıları banditlər, banderovçular idilər. İndi də o vaxtkı kimi bizi baş verənlərin qanlı, qarşısıalınmaz qəddarlığı heyrətə salır.
USQ üçün məktəbləri atəş nöqtələri kimi istifadə etmək normal praktikaya çevrilib. Ukrayna artilleriyası Donbasın yüzlərlə sakinini öldürüb. Onlarla adam diri-diri yandırılıb, Odessa Həmkarlar evində qanı axıdılıb. “Qorlovka madonnası”nın, körpəsi ilə birlikdə günün günorta çağı öldürülən gənc qadının, şəkli bütün dünyanı dolaşdı.
İndi isə Qorlovka yaxınlığına amerikalı partnyorlar zəhərləyici maddələr gətirir, eyni zamanda da öz jurnalistlərini oraya tökürlər. Əgər, daha doğrusu, nə vaxtsa amerikalı hərbçilər Donbas şəhərlərində içməli suyu zəhərləsələr, həmin jurnalistlər KİV-də olayların düzgün obrazını yaradaraq hər şeydə Rusiyanı günahlandıracaqlar.
Dəhşətli qəddarlıq və olanların daimi saxtalığı – Ukraynanın müasir stili, unikal nou-haudur. Qan lehmələri, tikələrə bölünmüş bədənlər, “qəhrəmanlar”, şumerlər, Bandera barədə saxta mədhiyyələr. Adamların iki cür deyil, hətta üç cür düşünməsi kult səviyyəsindədir – milyonlarla adam rusca fikirləşir, ukraincə danışır, fikirlərini ən düzgün formada isə söyüşlə ifadə edirlər. Sovet yəhudisinin faşistləri vəsf eləməsi ikrah doğuran ikiüzlülükdür.
1918-ci ildə Kiyevdə baş verənləri “Ağ qvardiyanın” rus hərbçiləri “operetta” adlandırırdılar. Oxşar qanlı operetta İkinci Dünya müharibəsi zamanı Ukraynanın qəsb olunmuş ərazilərində də gedirdi. İndi gözlərimiz önündə üçüncü pərdə oynanır. Görəsən, nə daha dəhşətlidir – real qan, yoxsa özünü bizə qardaş hesab etməyənlərin təlxək kimi əzilib-büzülmələri, hiyləgərlikləri, vaxtında aradan çıxmaq istəkləri?
Amerika rejimi yorulmadan planeti Rusiyanın Ukraynaya “hücumu” ilə qorxuzur. Ağ Ev Cen Psakinin dodaqları ilə artıq vaxtı da elan edib: haradasa fevralda. Mahiyyətcə isə amerika və avropalı partnyorların Ukraynaya müdaxiləsi xeyli əvvəl başlayıb axı – ölkə müstəqil olan kimi. Partnyorlarının yanında keçirdiyi otuz ilin nəticəsi bəs nə olub?
Demək olar ki, əhalinin yarıbayarı azalması. İqtisadi çöküş, ardınca yüksəliş əvəzinə növbəti çöküş. Böyük ərazilərin itirilməsi. Ümumilikdə zamanla uzanan kollektiv özünəqəsd. Belə görünür ki, qərbli partnyorlar beziblər və prosesi tezləşdirmək qərarına gəliblər.
Rusiya, əlbəttə, özününkülərin hamısını xilas edəcək. Buna görə narahat olmağa dəyməz. Bəs ukraynalıları onların özündən kim xilas edəcək?