BAKI, 20 yanvar — Sputnik. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı işlər davam edir. Bununla bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq. Həm yerli, həm də xarici ekspertlər prosesə cəlb olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı suala cavabında deyib.
O bildirib ki, ən qısa zamanda işlər tamamlanacaq və dövlət tərəfindən müvafiq hüquqi addımlar atılacaq.
Qeyd edək ki, əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. İşğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.
Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr / 175,300 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və s. də daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb.