BAKI, 20 yanvar — Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, M. Çavuşoğlunun “Tvitter” səhifəsindəki paylaşımda deyilir: “Qardaş Azərbaycanın azaqlıq yolunda tarixə qeyd edilmiş ən acı xatirələrindən olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Tək Millət, tək Ürək, tək Can, Türkiyə-Azərbaycan”.
Türkiyə Milli Müdafiə Nazirliyi də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter"dəki paylaşımında deyilir: "1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaş və bacılarımızın xatirəsini anırıq. "Bir Millət, İki Dövlət" olaraq Azərbaycan türk qardaşlarımızla yaxşı gündə də, pis gündə də birlikdə olmağa davam edəcəyik".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Azərbaycan xalqı 32 il əvvəl baş vermiş 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.
Səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.
Eləcə də oxuyun: