AZƏRBAYCAN XƏBƏRLƏRİ

Baş prokuror 20 Yanvar hadisələrinin istintaqından danışdı

Baş prokuror bildirib ki, 20 Yanvar günü cinayət törətmiş şəxslərin, demək olar, hamısı dindirilib.
Sputnik
BAKI, 20 yanvar — Sputnik. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq eleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Bildiyiniz kimi, 20 Yanvar günü Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu, insanlıq əleyhinə olan cinayətin törədilməsi qərarı və əmri idi. Bundan sonrakı hadisələr də göz qabağındadır.
Həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təəssüflər olsun ki, o dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi. Buna yalnız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi qiymət verilib.
Hadisəni törətmiş şəxslərin, demək olar, hamısı dindirilib. 20 Yanvar hadisələri zamanı 147 nəfər həlak olub. 744 nəfər müxtəlif bədən xəsarətləri alıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb.
Eyni zamanda, 20 Yanvar faciəsində milyonlarla maddi ziyan vurulub. Bu aktın törədilməsində əsas məqsəd xalqın əzmini qırmaq idi. Buna nail ola bilmədilər. Əksinə, milli azadlıq hissləri daha da gücləndi", - o vurğulayıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Azərbaycan xalqı 32 il əvvəl baş vermiş 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
* Məşum Yanvar gecəsindən 32 il keçir
* İlham Əliyev sosial şəbəkədə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
* Larisa Məmmədovanın anası: "O dəhşətli görüntülər gözümün önündədir"