CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fərqlənmə nişanı" almaq asanlaşır - Yeni xidmət işə salınır

Onlayn müraciət xidməti sərnişin və yükdaşımaları həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına töhfə verəcək.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "Fərqlənmə nişanı"nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.
Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.
Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasın minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.
Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən "Fərqlənmə nişanı"nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib.
Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Elektron qaydada müraciət etdikdən sonra "Fərqlənmə nişanı"nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi üçün sistem Azərbaycan Mərkəzi Bankına məxsus Hökumət Ödəniş Portalı (HÖP) ilə əlaqələndirilib.
Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistemin verdiyi sənəd əsasında banklarda HÖP üzərindən ödənişlərini həyata keçirə biləcəklər.
Mövcud qanunvericiliyin tələblərinə əsasən "Fərqlənmə nişanı" ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş "Fərqlənmə nişanı"nı götürmək üçün müraciət edəcəklər.
Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.
Elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Onun fevralın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır
Taksi sürücüləri "Bolt"dan niyə şikayətlidir - bazarda rəqabət var
Taksi şirkətləri vahid tarifə keçərsə,...
"Fərqlənmə nişanı" ilə yükdaşıma xidməti göstrən sürücünün vergi öhdəliyi nədir?