BAKI, 18 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müşaviri Andrey Rudenko Avropa İttifaqının (Aİ) Xarici əlaqələr xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə görüşüb.
Tərəflər Cənubi Qafqazdakı hazırkı durumu, Qazaxıstanda KTMT missiyasını, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir. Qeyd olunur ki, Rusiya XİN nümayəndəsi avropalı diplomata 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabrda yüksək səviyyəli görüşlərdə əldə edilmiş üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün Moskvanın göstərdiyi səylər haqda məlumat verib.
Bundan başqa, tərəflər Belarusla birlik dövlətinin möhkəmləndirilməsi prosesini müzakirə ediblər. Rusiyalı diplomat Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Avropa İttifaqının Ukraynaya təsir etməsinin vacibliyini vurğulayıb.
"Xüsusi diqqət Qazaxıstana, o cümlədən respublikada sabitliyin bərpa edilməsində KTMT-nin sülhməramlı qüvvələrinin roluna ayrılıb", - Rusiya XİN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.