AZƏRBAYCAN XƏBƏRLƏRİ

Katex şəlaləsi turizm marşrutuna çevriləcək

Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala biorezervatının yaradılması layihəsi başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra qoruğun bazasında rezervat yaradılacaq: "Bu da orada ekoturizmin fəaliyyətinə imkan yaradacaq. Bununla da Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər. Bunun üçün müəyyən araşdırmalar lazımdır. Həm yerli, həm xarici ekspertlərin rəyi önəmlidir".
Qeyd edək ki, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Balakən rayonu ərazisindəki Katex şəlaləsi Azərbaycanda ən məşhur şəlalə sayılır. Katex şəlaləsi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.