PAYTAXT XƏBƏRLƏRİ

Bakıda FHN tikinti şirkətinə kranın istifadəsini yasaqladı

Bakıda FHN müfəttişləri tanınmış tikinti şirkətindən kranı sökərək ərazidən çıxarmağı tələb ediblər.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Bakıda tanınmış tikinti şirkətində qayda pozuntusu aşkarlanıb. Sputnik Azərbaycan-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş FHN-in "112" qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə "Luxe Home" MTK-nın apardığı tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.
Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, həqiqətən də Mayakovski küçəsində "Luxe Home" MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.
Qeyd olunanlar nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib.
Xatırladaq ki, 2020-ci ildə Bakıda Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, nəticədə kranın sürücüsü vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.