İDMAN

"Legiya" rəhbərliyi Mahir Emreli barədə: Yaxşı hərəkət etmir, özünə xələl gətirir

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin toplanışa qoşulmaması barədə "TVP Sport"a açıqlama verib.
Zelinskinin fikrincə, bu, mütləq Emrelinin günahı deyil, yəqin ki, onun məsləhətçilərinindir. Zelinski 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğunu xatırladıb:
"Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə etmək axmaqcasına hərəkət cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil".
Report-un yazdığına görə, Zelinski deyib ki, hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir:
"Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".
Klub rəsmisi Emrelinin adının Türkiyənin "Qalatasaray" və "Başakşehir" komandaları, həmçinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə hallanmasına da toxunub:
"Bu komandalardan təkliflər alırıqmı? Bilirəm ki, bu, agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Xatırladaq ki, ötən ilin dekabrında Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum etmişdilər. Həmin futbolçulardan ikisi ciddi xəsarət almışdı. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olmuşdu.