CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaq, içki və tütünə adambaşına ayda 188 manat xərcləmişik

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb. İstehlakçılar vəsaitin 54 faizini ərzağa, içki və siqaretə xərcləyiblər
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Pərakəndə ticarət dövriyyəsi artıb
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artıb.
İstehlakçılar vəsaitin 54 faizini ərzağa, içki və siqaretə xərcləyiblər
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 faizi ticarət müəssisələri, 52,2 faizi fərdi sahibkarlar tərəfindən, 21,5 faizi isə bazar və yarmarkalarda satılıb.
Pərakəndə ticarət fərdi sahibkarlar üzrə azalıb
2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 faiz artıb, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,1 faiz azalıb.
Bir ölkə sakini ayda orta hesabla nə qədər xərcləyib
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb. Noyabr ayına görə dekabrda bu rəqəm 19.9 manat artıb. Başqa sözlə, bir ölkə sakinin orta hesabla ayda xərclədiyi vəsait 20 manata yaxın qalxıb.
Qeyd edək ki, ötən ilin 11 ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları almışdı.
Həmçinin oxuyun:
Azərbaycanın idxal və ixracı - TƏFƏRRÜATLAR
Banklar dolların alış qiymətini niyə qaldırıb?
Dərman və dolların qiyməti müəyyən olundu - Azəriqaz isə sayğacları dəyişir - İCMAL