İQTİSADİYYAT

Azərbaycanın idxal və ixracı - TƏFƏRRÜATLAR

Ötən ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon dollar olub.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Xarici ticarət dövriyyəsi 30 milyard dolları keçib
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Saldo müsbət olub
Nəticədə 9 milyard 926,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İxrac artıb, idxal azalıb
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 40,7 faiz, real ifadədə 0,8 faiz, o cümlədən ixrac 10,4 faiz artıb, idxal isə 11,2 faiz azalıb.
2021-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2 milyard 359,8 milyon dollar təşkil edib.
Ən çox ixrac İtaliyaya edilib
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,2 faizini İtaliyaya, 12,8 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan, Gürcüstan və Portuqaliyaya, 2,8 faizini İspaniyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Tunisə, 2,3 faizini Ukraynaya, 1,7 faizini Birləşmiş Krallığa, 1,6 faizini Yunanıstana, 1,5 faizini Belarusa, 1,3 faizini İsveçrəyə, hər biri 1,1 faiz olmaqla Kanada və Çexiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Rusiya və Türkiyəyə ixracda qeyri-neft-qaz məhsulları üstünlük təşkil edib
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (6,1 faiz), Braziliyaya (3,0 faiz), ABŞ-a (2,8 faiz), Ukraynaya (2,1 faiz), İtaliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,2 faiz), Belçikaya (1,1 faiz), Türkmənistana (1,1 faiz), Niderlanda (1,0 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ən çox məhsul Rusiyadan gətirilib
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,5 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,4 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransa, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Təzə meyvə ixracı artıb
2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 17,6 faiz, kartof – 12,9 faiz, şəkər – 7,1 faiz, meyvə və tərəvəz şirələri – 4,4 faiz, meyvə və tərəvəz konservləri – 20,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 8,6 faiz, pambıq lifi – 38,5 faiz, polietilen – 29,8 faiz, pambıq ipliyi – 2,3 dəfə, qara metallardan yarımfabrikatlar – 4,3 dəfə, qara metallardan borular – 16,6 faiz, bentonit gili – 3,5 faiz artıb.
Təzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli
Çay ixracı azalıb
Təzə tərəvəz ixracı isə 23,9 faiz, bitki yağları – 16,1 faiz, tütün – 3,2 faiz, çay – 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 17,7 faiz, emal olunmamış alüminium – 18,2 faiz azalıb.
Meyvə, tərəvəz idxalı artıb
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında xam şəkər idxalı 1,7 dəfə, təzə meyvə – 3,0 faiz, çay - 3,3 faiz, kartof – 19,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,2 faiz, təzə tərəvəz – 46,8 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 6,0 faiz, yük avtomobilləri – 1,6 dəfə, rezin şinlər – 31,2 faiz, mebellər – 29,1 faiz, paltaryuyan maşınlar – 20,0 faiz, məişət kondisionerləri – 2,2 faiz, məişət soyuducuları – 1,6 dəfə artıb.
Azərbaycana buğda idxalı azalıb
Buğda idxalı isə 17,0 faiz, bitki yağları – 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,5 faiz, mal əti – 43,9 faiz, siqaretlər – 36,9 faiz, dərman vasitələri – 4,0 faiz, polad prokatı – 33,6 faiz, qara metallardan borular – 20,3 faiz, qara metallardan çubuqlar – 63,6 faiz, mineral gübrələr – 62,5 faiz, polietilen – 23,7 faiz, avtobuslar – 4,5 faiz, qara metallardan künclüklər – 25,4 faiz, sement və sement klinkerləri – 22,5 faiz azalıb.
Həmçinin oxuyun:
Banklar dolların alış qiymətini niyə qaldırıb?
Dərman və dolların qiyməti müəyyən olundu - Azəriqaz isə sayğacları dəyişir - İCMAL