BAKI, 13 yanvar — Sputnik. Bakıda gənc qız itkin düşüb. Hadsə yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb. Belə ki, həmin gün səhər saat 8 radələrində 2005-ci ildə doğulan Xədicə Ağayevə evdən çıxaraq geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.
Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.
"Xüsusən valideynlər diqqətli olmalı, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır" - DİN rəsmisi vurğulayıb. (Report)
Xatırladaq ki, buna bənzər hadisə ötən ilin dekabr ayında Xaçmazda baş vermişdi. Xaçmazda üç gənc qadın itkin düşmüşdü. Belə ki, Xaçmaz rayon sakini, 2004-cü ildə doğulan Kamilə Kərimova dekabr ayının 5-də evdən gedib geri qayıtmayıb. 2004-cü ildə doğulan Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edib. Həmçinin, rayon sakini 1994-cü ildə doğulmuş Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən gedib.