Göyçay rayonunun kəndlərini rayon mərkəzi ilə, şəhərin özünü isə əsas magistral yol ilə birləşdirən Qaraməryəm-Müsüslü yolunun təmirə ehtiyacı var. Yolun bərbad olmasından şikayətlənən yerli sakinlər və sürücülər onun təmir olunması arzusundadırlar.
Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol əslində çox əhəmiyyətli, lakin yararsız haldadır. Əziyyət çəkənlər isə yenə də kənd sakinləridir. Həmçinin sürücüləri də unutmaq olmaz. Barəsində danışılan Qaraməryəm-Müsüslü avtomobil yolunun sıradan çıxması yerli sakinləri çətin vəziyyətə salıb. Ötən əsrin 80-ci illərində istifadəyə verilən yol hazırda istismara yaramır. Təmirsiz yoldan cana gələnlər problemi dilə gətiriblər.
Göyçayın ən böyük kəndlərindən olan İnçə kəndinin sakini Surxay Əlifov müsahibəsində bildirib ki, hər gün rayon mərkəzinə getmək üçün bu əzablı yoldan keçməyə məcbur qalırlar. Yolsuzluq üzündən gediş-gəliş qiymətləri də iki dəfə çox bahalaşıb. Yay aylarında tozdan, qış aylarında palçıqdan yolda hərəkət etmək müşkülə çevrilir.
Yolun asfalt qatı tamam dağıldığından hər iki zolaq yararsız hala düşüb. İstismar müddətini çoxdan başa vuran bu yol Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax yolunu birləşdirən əsas alternativ yollardan biri sayılır.
Sakinlərin şikayətli ilə bağlı AAYDA-nın nümayəndəsi Anar Nəcəfli bildirib ki, Qaraməryəm-Müsüslü avtomobil yolu uzun müddət yenidən qurulmadan istismardadır. Bununla bağlı agentlik olaraq biz həmin yolun yenidən qurulması işlərinin aparılması ilə əlaqədar olaraq layihə hazırlayıb aidiyyəti üzrə təqdim etmişik.
Təbii ki, burada layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi artıq bizim agentlik tərəfindən həmin yolun yenidən qurulması işlərinə də start veriləcək. Agentlik rəsmisinin sözlərindən belə aydın oldu ki, sözügedən avtomobil yolunun konkret nə vaxt təmir ediləcəyi və yenidən qurulacağı bəlli deyil.