DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın sabiq müdafiə naziri yararsız raketlər almaqda ittiham olunur

II Qarabağ müharibəsində Azərbaycana məğlub olmuş ordunun komandanı David Tonayan keyfiyyətsiz silah almaqda ittiham olunur.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Ermənistanın sabiq müdafiə naziri, II Qarabağ müharibəsində Azərbaycana məğlub olmuş ordunun komandanı David Tonayan və digər hərbi rəhbərlərə qarşı keyfiyyətsiz silahların alınması iddiası ilə məhkəmə işi qaldırılıb. Bu barədə Sputnik Ermənistan həmin ölkənin Baş Prokurorluğuna istinadla məlumat yayıb.
Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, artıq ittiham aktı təsdiqlənib. Bu iş üzrə təqsirləndirilən şəxslərin siyahısında sabiq müdafiə naziri David Tonanyanla yanaşı, Silahlı Qüvvələrin Baş qərargah rəisi Artak Davtyan və başqaları da var.
Baş Prokurorluqdan bildirilib ki, söhbət Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatlarının tədarükü prosesində xüsusilə irimiqyaslı sui-istifadə və mənimsəmə, həmçinin Müdafiə Nazirliyi tərəfindən istifadəyə yararsız raketlərin alınması ilə bağlı iddialardan gedir.
Məhkəmə materiallarına görə, Davtyana Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə (ağır maddi nəticələrə səbəb olduqda), Tonoyana 179-cu maddənin 3-cü hissəsi (dövlət vəsaitlərini mənimsəmə), qalanlarına isə 375-ci maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır maddi nəticələrə səbəb olduqda) və 314-cü maddəsinin 1-ci hissəsi (vəzifə saxtakarlığı) ilə iddia irəli sürülüb.
Xatırladaq ki, sabiq müdafiə naziri bu ilin sentyabrında həbs olunub. Həmçinin, bu işdə adı hallanan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və biznesmen David Qalstyan da həbxsanadadırlar.
İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dollar dövlət vəaitini mənimsəməkdə ittiham edir. Təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər.
Qeyd edək ki, David Tonayan 44 günlük müharibə dövründə Ermənisitanın müharibə naziri idi.
Həmçinin oxuyun:
Tonayan vəzifədən getməklə canını qurtarmayacaq, Tərtərə görə cavab verməlidir
Rusiyalı general Yerevanda: Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb