BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.
"Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Xatırladaq ki, erməni mediası və sosial şəbəkələrin erməni seqmenti Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin bazar ertəsi Qırmızı Bazar qəsəbəsində avtomobili atəşə tutduğu barədə dezinformasiya yayıb.