AZƏRBAYCAN XƏBƏRLƏRİ

Yaralanma varsa, bu, mütləq əlillik demək deyil - Nazirlik

Əlillik dərəcəsi verilən Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında ölkə Prezidenti tərəfindən sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb.
Spurnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib. O qeyd edib ki, həmin şəxslərdən 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Beləliklə, 2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb.
Nzirlik rəsmisi deyir ki, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, yaralanma varsa, mütləq bu, əlillik deməkdir:
“Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.
Qeyd edək ki, ümumilikdə əlilliklə bağlı 2021-ci il ərzində təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən imtina verilib. 60 min göndərişdən isə natamam doldurulma səbəbindən imtina edilib. Dövlət tibb müəssisəsi tərəfindən qeyd edilən diaqnoz müayinələrlə əsaslandırılmadıqda göndərişin natamam doldurulması barədə qərar verilir.
Bəzi hallarda müalicə kursu tam başa çatmadan tibbi sosial ekspert komissiyasına göndərişlər də rəsmiləşdirilir. Bu hallarda da imtina verilir. Ötən il təxminən 56 min göndərişə əlavə müalicə olunma ilə əlaqədar imtina verilib.
Həmçinin oxuyun:
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb
I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş ediləcək
Əlillik dərəcəsi olanların müavinətləri necə və neçə manat artacaq - Nazirlik açıqladı
Müavinət və təqaüdlərin artırılması barədə fərman və sərəncamlar kimləri əhatə edir