BAKI, 8 yanvar — Sputnik. İstifadə müddəti dekabrın 31-də bitmiş yeni növ koronavirus (COVID-19) əleyhinə olan "Pfizer/Biontech" peyvəndləri müvafiq məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.
Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan "Pfizer/Biontech" peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.
Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi.
Nəticədə "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.