DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-Rusiya görüşü öncəsi brifinq: Heç vaxt razı ola bilmərik

Ağ Ev rəsmisi bildirib ki, Rusiyanın tələbləri arasında elə məsələlər var ki, ABŞ onlarla "heç vaxt razı ola bilməz".
Sputnik
BAKI, 8 yanvar - Sputnik. ABŞ nümayəndə heyəti bazar günü, yanvarın 9-da Cenevrədə Rusiya nümayəndələri ilə strateji sabitlik üzrə ikitərəfli dialoq çərçivəsində danışıqların ilkin mərhələsinə başlayacaq. Əsas məsələ isə gələn həftənin birinci günü, yanvarın 10-da keçiriləcək.
Bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi telefonla keçirdiyi brifinqdə deyib.
"Bizim nümayəndə heyətimiz sabah Cenevrəyə gəlir. Mümkündür ki, bazar günü onlar danışıqların ilkin mərhələsinə başlasınlar, ancaq əsas görüş sabahı gün olacaq", - o deyib.
Onun sözlərinə görə, ABŞ Rusiya ilə dialoq çərçivəsində hərbi təlimlərin qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirməyə hazırdır:
"Rusiya bəyan edir ki, ABŞ və NATO-nun təlimləri onun təhlükəsizliyini təhdid edir. Odur ki, biz bir-birimizin ərazilərimizin yaxınlığında strateji bombardmançıların uçuşu da daxil olmaqla təlimlərin miqyasının qarşılıqlı surətdə azaldılması imkanını nəzərdən keçirə bilərik".
Ancaq Ağ Ev rəsmisi həmçinin bəyan edib ki, ABŞ Cenevrədəki danışıqlarda Amerikanın Avropa ölkələrində hərbi mövcudluğunu azaltmaq imkanını müzakirə etmək niyyətində deyil.
"Biz guya ABŞ-ın müzakirə etməyə hazırlaşdığı bəzi məsələlər barədə məlumatları görmüşük, məsələn, Avropada qoşunlarımızın sayı barədə. Diqqətinizə çatdırmaq istərdim ki, bu məsələ gündəliyə daxil deyil", - o bildirib.
ABŞ admnisitrasiyasının məmuru vurğulayıb ki, ölkəsi Ukrayna ərazisində hücum raket silahları yerləşdirməyi planlaşdırmır və bu mövzuda Rusiya ilə razılaşacaqlarını mümkün hesab edir.
"Rusiya bəyan edir ki, perspektivdə Ukrayna ərazisində hücum raket silahları yerləşdirilməsində təhlükə görür. Prezident Co Baydenin prezident Vladimir Putinə dediyi kimi, ABŞ belə davranmaq niyyətində deyil. Odur ki, bu, Rusiya üzərinə qarşılıqlı öhdəlik götürməyə hazır olarsa, qarşılıqlı anlaşma əldə edə biləcəyimiz məsələlərdəndir", - o deyib.
Bayden administrasiyasının üzvü əlavə edib ki, üçüncü ölkələrin kiminlə müttəfiqlik edəcəyinə Rusiya qərar verməməlidir.
O vurğulayıb ki, Rusiyanın tələbləri arasında elə məsələlər var ki, ABŞ onlarla "heç vaxt razı ola bilməz".
Ağ Ev rəsmisi həmçinin Qazaxıstandakı iğtişaşlara ABŞ-ın heç bir aidiyyatı olmadığını vurğulayıb.
Eləcə də oxuyun:
* NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir
* Putinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləri