DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı fövqəladə iclası olacaq

Yanvarın 11-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanda baş verən hadisələrlə bağlı fövqəladə iclası keçiriləcək.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bu iclasla bağlı məlumat verib.
Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.
Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
"Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik", - bəyanat müəllifləri yazıb.
Onlar həmçinin Qazaxıstana hər cür dəstəyi verməyə hazır olduqlarını ifadə ediblər:
"Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq. Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik".
Qazaxıstanda gərginlik
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
Eləcə də oxuyun:
* Tokayev Putin, Ərdoğan və digər liderlərə təşəkkür etdi
* Sülhməramlılar Qazaxıstanda silah tətbiq edə bilərlər - KTMT
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
* Qazaxıstandan son xəbərlər: qızıl fondu da yandırdılar
* Qazaxıstan rəhbərliyindən ölkədəki vəziyyətə dair yeni açıqlama: 100-dən çox adam saxlandı
*Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib