BAKI, 7 yanvar — Sputnik. Əminəm ki, Qazaxıstanda siyasi, ictimai dialoq bərpa olunacaq. Bu dialoqun nəticəsi olaraq Qazaxıstan gələcəkdə daha güclü və demokratik olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Federasiyasının Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
"Qazaxıstanda Rusiya Silahlı Qüvvələri yoxdur, orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri var. Düşünürəm ki, sülhməramlı missiya uğurlu olacağı təqdirdə KTMT-nın nüfuzunu artıracaq", - deyə Kosaçev qeyd edib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Həmçinin oxuyun: