İDMAN

Azərbaycanlı Olimpiya çempionu Qazaxıstana uça bilmir

Azərbaycanlı idmançının atası Qazaxıstanda vəziyyətin 15 günə sabitləşəcəyinə əmindir.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Ağır atletika üzrə Olimpiya çempionu Nicat Rəhimov son illər bayrağı altında çıxış etdiyi Qazaxıstana qayıda bilmir.
Bu barədə Sputnik Azərbaycan-a atletin atası Əli Rəhimov məlumat verib.
Nicat Rəhimov son bir neçə ayı Azərbaycanda, əzizlərinin yanında keçirib, yanvarın ilk günlərində isə beynəlxalq yarışlarda bayrağı altında çıxış etdiyi Qazaxıstana dönməli imiş. Ancaq Qazaxıstandakı çaxnaşmalar səbəbindən Nicat oraya uça bilməyib.
Yanvarın 5-də AZAL Qazaxıstanda baş verən qarışıqlığa görə bu ölkəyə bütün reysləri ləğv edib.
Olimpiya çempionunun atası əmindir ki, yaxın günlərdə Qazaxıstanda vəziyyət düzələcək və oğlu oraya maneəsiz gedə biləcək.
"Əminəm ki. bu ölkədəki gərgin vəziyyət 10-15 gündən çox çəkməyəcək. Situasiya normallaşandan sonra Nicat Qazaxıstana qayıdacaq. Uçuşun gecikməsilə bağlı Nicatın problemi olmayacaq", - ata deyib.
Nicat Rəhimov 2014-cü ilədək Azərbaycan bayrağı altında çıxış edirdi və milli komanda ilə 2010-cu ildə keçirilən ilk Gənclərin Olimpiya Oyunlarında çempion olub.
Azərbaycan Ağır Atletika Federasiyası ilə münaqişədən sonra isə ölkəni tərk edib Qazaxıstana köçüb.
Qazaxıstan bayrağı altında çıxış edən Rəhimov 2015-ci ildə dünya çempionu oldu, növbəti il isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Beynəlxalq Ağır Atletika Federasiyası idmançını dopinq analizinin dəyişdirilməsində günahlandırdı, Nicat Rəhimov isə vəkillər tutaraq günahsız olduğunu məhkəmə yolu ilə sübut etməyə başladı. İdmançının atasının sözlərinə görə, məhkəmə prosesi bitsə də, qərar hələ çıxarılmayıb.
Eləcə də oxuyun:
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Sülhməramlılar Qazaxıstanda silah tətbiq edə bilərlər - KTMT