İDMAN

Cokoviç diplomatik qalmaqalın ortasında: Serbiya nota verdi

Koronavirus əleyhinə vaksin vurdurmayan dünyanın birinci raketkası ölkəyə girişdə pasport yoxlanışından keçə bilməyib.
Sputnik
BAKI, 6 yanvar - Sputnik. Serbiya Xarici İşlər Nazirliyi Avstraliya səfiri Daniel Emeriyə dünyanın birinci raketkası Novak Cokoviçə qarşı sərgilənən "onun şəninə yaraşmayan münasibətə görə" şifahi etiraz edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Cokoviç yanvarın 17-də Melburnda start götürəcək Australian Open turnirində iştirak etmək üçün çərşənbə günü Avstraliyaya gəlib. Ancaq koronavirus əleyhinə vaksin vurdurmayan serb ölkəyə girişdə pasport yoxlanışından keçə bilməyib. Sərhəd xidməti onun vizasını ləğv edib.
Hazırda Cokoviç immiqrasiya təcridxanasında saxlanılır və sərhəd xidmətindən Federal dairə məhkəməsinə şikayət edib.
Serbiya XİN-dən bildiriblər ki, dövlət katibi (nazir müavini) Nemanya Staroviç səfir Emeridən "şəxsi səylərini" işə salmağını gözlədiyini deyib. Tələb isə Cokoviçə Avstraliyada qalacağı barədə məhkəmə qərarını gözləmək üçün imkan yaradılması, "idmançının səviyyəsinə uyğun tərzdə yerləşdirilməsini təmin etmək"dir.

"Staroviç vurğulayıb ki, serb cəmiyyətində belə bir güclü hiss var ki, Cokoviç iradəsi xaricində siyasi oyunların qurbanı olub, onu Avstraliyaya cəlb ediblər ki, aşağılasınlar. Dövlət katibi həmçinin vurğulayıb ki, Cokoviç nə cinayətkar, nə terrorçu, nə də qeyri-leqal miqrantdır, ancaq Avstraliya hökuməti onunla elə davranır ki, onun azarkeşləri və Serbiya vətəndaşları başadüşülən üzüntü yaşayırlar", - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, bundan öncə Serbiyanın xarici diplomatiya idarəsi Cokoviçin ölkəyə buraxılması üçün Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinə yazılı nota göndərib.
Serbiya Prezidenti Aleksandr Vuçiç isə cümə axşamı bəyan edib ki, Cokoviçin turnirdə iştirakının əngəllənməsi "siyasi əsaslı ələsalmadır" və söz verib ki, Serbiya hökuməti ona görə bütün hüquqi üsullarla mübarizə aparacaq.
Bundan əlavə, bu gün Serbiya parlamentinin qarşısına mindən çox adam toplaşaraq etiraz edib. Etirazçılara başçılıq edən tennisçinin atası Srcan Cokoviç bildirib ki, aksiyalar davam edəcək.