RUSİYA

Bakı və Yerevan sülh müqaviləsi imzalayacaqmı – ekspert cavab verir

Rusiyalı ekspert bu fikirdədir ki, hazırda bütün şərtlər gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının xeyrinə yönəlib.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilir. Bunu Sputnik Azərbaycan-a təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Federasiyası Bakı ilə Yerevan arasında münaqişə vəziyyətinin həlli üçün maksimum səy göstərir. Əsas fəaliyyət istiqaməti isə Azərbaycanla Ermənistan arasındakı sərhədin tezliklə delimitasiya və demarkasiyasına yönəldilmiş diplomatik fəaliyyətdən ibarətdir.
Yerevanın əldə olunmuş razılaşmanı vaxtında yerinə yetirməməsinə baxmayaraq, hər bir halda, bu yaxınlarda baş tutan Soçi görüşü məsələyə nöqtə qoyub. Mixaylov belə hesab edir ki, məhz Soçidə Rusiya və Azərbaycan prezidentləri Ermənistanın baş nazirinə lazımi arqumentləri çatdıra biliblər ki, həlli çoxdan gözlənilən sülhə gətirib çıxaracaq əsas məsələlər üzrə ümumi mövqe müzakirə olunsun.
"Və Paşinyanın reaksiyası, çıxışı əsasında mülahizə yürütsək, aydın olar ki, arqumentlər qəbul olunub. Bundan başqa, Brüsseldəki görüş dünya ictimaiyyətinin sülh müqaviləsinin əsasının məhz Soçidə qoyulması ilə bağlı fikrini bir daha təsdiqlədi", – deyə ekspert bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin vurğuladığına görə, heç şübhəsiz ki, məhz Rusiya Federasiyasının mövqeyi və üzərinə sülhyaratma kimi ağır yükü götürməsi ilə bağlı istəyi Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb oldu və bunu açıq-aşkar görmək mümkündür.
"Məncə, bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyər", - deyə Mixalkov qeyd edib.
Ekspertin sözlərinə görə, Yerevan çətin ki, Zəngəzur dəhlizinin açılmasına qarşı dura bilsin. "3+3" platforması tam şəkildə fəaliyyət göstərməyə başlayanda isə o da öz növbəsində münaqişə vəziyyətinin tamamilə nizamlanmasına töhfəsini verəcək.