AZƏRBAYCAN XƏBƏRLƏRİ

Rövşən Lənkəranski və Lotu Quli ölsə də, adamları ənənəni yaşadır - apellyasiya şikayəti

Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 7-nə təyin edilib. Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində olan hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.
Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 7-nə təyin edilib. Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 29-da Bakının Keşlə qəsəbəsində baş verib. Z.İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Nəticədə T.Babayev hadisə yerində ölüb. A.Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
Məlumata görə, Z.İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (“Rövşən Lənkəranski” - 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilən T.Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun (“Lotu Quli” - 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb) klanına daxil olub.
Report hadisənin kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində baş verdiyini bildirir.
Z.İsmayılovun barəsində qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum, zərərçəkmiş apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, Nadir Səlifov 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xəqan Zeynalov ("Xan Əhmədlinski") adlı şəxs tərəfindən öldürülüb.
Qətl anında Lotu Quli nömrəsində arxası qapıya oturaraq qumar oynayırmış. Ondan savayı otaqda daha iki nəfər, o cümlədən mühafizəçisi varmış. İçəri daxil olan qatilə - Xaqan Zeynalova (Xan Bakinski) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan Səlifovun etibarını qazanaraq onun dəstəsinə qoşulubmuş. O, qanuni oğrunu ənsəsindən güllələyib.
Qulinin mühafizəçisi cavab atəşi açsa da, Zeynalov hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra onu Dənizli şossesində polislər yaxalayıblar.
Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindən idi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.
Rövşən Lənkəranski ilə Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib. 2016-cı ildə Lənkəranski İstanbulda güllələnəndən sonra Quli və ətrafı bu qətldə birinci şübhəli biliniblər. Lənkəranskinin ölümündən sonra onun tabeliyində olan Yekaterinburqdakı tərəvəz bazası Qulinin əlinə keçmişdi.
Həmçinin oxuyun:
Lotu Qulinin adamı, azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO