SƏHİYYƏ

Dərmanların qiyməti niyə bahalaşıb - Şok səbəblər - Video-foto

Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər.
Sputnik
BAKI, 3 yanvar — Sputnik. Dərmanların qiyməti elə bahalaşıb ki, həkimin yazdığı dərmanların yarısını almışam, yerdə qalanlarına da pul çatmadı deyə pensiya veriləndə alacağam.
Bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında yerləşən aptekdən dərman alan Qətibə Müslümova deyir. Həkimin ona yazdığı 5 dərman preparatından üçünü almağa pulu çatan Q.Müslümova hər ay pensiyasının xeyli hissəsini dərman almağa xərclədiyini bildirir...
Sputnik Azərbaycan-ın dərman preparatlarının qiyməti ilə bağlı paytaxtda apardığı sorğu zamanı dərmanların qiymətinin son dövrlər bahalaşdığı, bəzi dərman preparatlarının isə ümumiyyətlə tapılmadığı üzə çıxıb...
Bakıda apteklərin birində
"Bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq"
Öncə yolumuzu 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yerləşən apteklərdən salırıq. Xəstəxananın ətrafında çoxlu sayda aptek olduğundan tibb müəssisəsindən çıxan xəstələrin mütləq əksəriyyəti həkimlərin onlara yazdığı reseptlərlə ətrafdakı apteklərə yaxınlaşırlar. Apardığımız müşahidələr göstərdi ki, aptekə daxil olan xəstələrin çoxu dərmanların qiymətini öncə kassada hesabladır, daha sonra alıb-almamaq barədə qərar verirlər.
Qətibə Müslümova da həmin xəstələrdən biridir. O, Sputnik Azərbaycan-a bildirib ki, dərmanların ikisini almağa pulu çatmadığından pensiyasının köçməsini gözləyəcək: "Həyat yoldaşıma da həkim dərman yazıb. Bir ayda iki xəstənin dərmanını almağa imkan olmur. Ona görə də bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq".
Dərman
Dərmanlar da ərzaq kimi hər gün bahalaşır
Q.Müslümova dərmanların qiymətinin bahalaşmasından da şikayətlənir. Deyir ki, dərman preparatlarının qiymətində son bir ayda daha çox artım var: "Əvvəl 17 manata aldığım dərman 21 manat olub. Dərmanlar da ərzaq kimi hər gün bahalaşır".
Şiraslan Rüstəmov da təqaüdçüdür. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm özü, həmçinin də həyat yoldaşının səhhətində problemlər var. Dərman isə çox baha olduğundan almağa maddi imkanları çatmır.
Bakıda apteklərin birində
Apteklərdən birindən dərman alıb çıxan paytaxt sakini Fətəliyev Qərib aldığı dərmanlara 64 manat pul xərclədiyini bildirdi. Onun sözlərinə görə, son bir ayda dərmana 440 manatdan çox pul xərcləyib: "Dərmanların qiyməti çox bahadır. Alıb istifadə edə bilmirik. İndi aptekə girib bir neçə dərman aldım, 64 manat pul tutdu. Bu da qəbzi, baxa bilərsiniz..."
Gənc valideyn Könül Orucova isə bildirdi ki, ötən ay uşaq üçün 9 manat 90 qəpiyə aldığı "Depovit" preparatını dünən 10 manat 30 qəpiyə alıb. 3 manat civarında olan Anaferon preparatının qiyməti isə 9 manata çatıb. "Prospan" adlı öskürək əleyhinə preparat isə 7 manat 40 qəpikdən 8 manat 40 qəpiyədək bahalaşıb.
Digər sorğu iştirakçısı isə "Epivulan-500 mg" dərman preparatının son bir ildə 22 manatdan artaraq 25-30 manat olduğunu bildirdi.
Alıcılardan biri
Paytaxt sakini Müşviq Abdulla deyir ki, koronavirusun müalicəsində qandurulducu kimi istifadə olunan və çox zəruri preparat sayılan "Kleksan" iynəsi 2020-ci ilin avqust ayında apteklərdə 6,5-7 AZN-ə təklif olunurdu: "Tələbatın artmasından istifadə edib hazırda apteklərdə və xəstəxanalarda "Kleksan"ı pasiyentlərə 25-26 manata satırlar. Halbuki, "Kleksan" xəstələrə pulsuz verilməlidir".
Bəzi dərmanlar qəhətə çəkilib
Sorğumuzda iştirak edən digər respondentlər isə dərmanların əksəriyyətini tapmadıqlarından şikayətləndilər. Onların sözlərinə görə, apteklərdən "NormaKids", "Ventalin", " Acc", "Alfa " ,"Vizin", "Vikasol", "Doktor MOM", "İmodum", "Ulkavis", "Reqidron"," "Finlepsin", "Mukossi" hətta bor-spirt məhlulu, rvanol, marqans kimi vasitələr də yoxa çıxıb. Paytaxt sakinləri bildirdilər ki, apteklərdən onlara sadalanan dərman preparatlarının firmalar tərəfindən gətirilmədiyi bildirilib.
Resept
Apteklərdən bizə də verilən cavab təxminən eyni oldu. Sadalanan dərman preparatlarının hansı səbəbdən satılmadığını soruşduqda, firmaların həmin dərman preparatlarının ölkəyə gətirilməsinə gələn ildən başlayacağı deyildi. Aptek satıcılarının sözlərinə görə, onlar dərman firmaları və depolardan daxil olan dərmanları satırlar. Sadalanan dərman preparatları isə bir neçə aydır ki, apteklərə satışa verilmir.
Depolar isə gömrükdə yaranan problem üzündən bəzi dərman preparatlarının ölkəmizə idxalının ləngidiyini söylədilər.
Apteklər and-aman edir ki...
O ki qaldı dərmanların qiymətinin baha olmasına, apteklər 20 faiz dərmanların qiymətində dəyişiklik olduğunu bildirdilər. "Şəfa" aptekdən əczaçı bildirdi ki, dərmanların 20 faizinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Yerdə qalan dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, qiymət artımından söhbət gedə bilməz!
Cədvəldə bir qiymətdir, aptekdə bir qiymət
Vətəndaşların qiymət artımından şikayətləndiyi bir neçə dərman preparatı ilə bağlı araşdırma apardıq. Tarif Şurasının saytında yer alan, "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri cədvəlində" Rusiyanın istehsalı olan "ANAFERON INTERFERON" 3 mq sorma tabletin topdansatış qiyməti 6,59, pərakəndə satış isə 7 manat 91 qəpik göstərilib. Eyni adlı dərmanın uşaqlar üçün olanı isə cədvəldə topdansatış qiyməti 6 manat 72 qəpik, pərakəndə satış isə 8 manat 6 qəpik göstərilib. Halbuki, bu gün satışda bu adda dərman preparatı 8 manat 40 qəpik, 9 manatdan ucuz satılmır.
Qəbz
"Epivulan-500 mg" dərman preparatının isə cədvəldə qiyməti 23-25 manatdır. Bu gün bu dərman preparatı satışda 25-30 manata təklif olunur.
"Kleksan" inyeksiya üçün məhlulun iki ədədinin 0,2 ml şprisdə topdansatış qiyməti isə Tarif Şurasının qiymət cədvəlində 5 manat 62 qəpik, pərakəndə satışda 6 manat 74 qəpik göstərilib. 0,4 ml şprisdə isə topdansatış qiyməti 11 manat 88 qəpik, pərakəndə satışda 14 manat 26 qəpik təşkil edir. Amma bu qiymətə satışda "Kleksan" tapmaq müşkül məsələdir.
Dərdimizi kimə deyək?
Apteklərdən də Sputnik Azərbaycan-a bildirdilər ki, "Kleksan"a koronavirus xəstələri tələbatı artırıb. Ona görə də bu inyeksiya elə depolardan baha gəlir.
Apardığımız araşdırma zamanı bəlli oldu ki, apteklərdə dövlət tərəfindən qiyməti tənzimlənən dərman preparatlarının əksəriyyətinin qiyməti bahadır.
Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Bu zaman həmin apteklərə qarşı qanunamüvafiq tədbir görüləcək.
Bakıda apteklərin birində
Dərmanlar əhaliyə pulsuz veriləcək!
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari Tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdır:
Bakıda apteklərin birində
"Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olurlar. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat olunmaq, xəstəxanada yatmaq istəyir. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmır. Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayır".
Ələkbərovun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək. Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda, dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək.
Həmçinin oxuyun:
Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanır
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma