TƏHLİL

Banka əmanət qoymaq sərfəlidirmi? - Ekspertlərin fikirləri haçalandı

Ekspertin fikrincə, əmanətdən götürülən gəlirləri inflyasiya "yeyib". Başqa sözlə, əmanətdən götürülən gəlir inflyasiyanın qurbanına çevrilib.
Sputnik
BAKI, 3 yanvar — Sputnik. Bu gün manatla əmanət faizləri təxminən 9-10% civarındadır. Amma rəsmi inflyasiyanın ikirəqəmli həddə, ərzaq inflyasiyasının 14%- yaxınlaşdığını nəzərə alsaq, əmanətdən götürülən gəlirləri inflyasiya "yeyib". Başqa sözlə, əmanətdən götürülən gəlir inflyasiyanın qurbanına çevrilib.
Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırda əmanət qoymağın sərfəli olub-olmaması məsələsindən danışarkən deyib.
İqtisadçı-ekspert Natiq Cəfərli
Banklar daha cəlbedici təkliflərlə çıxış etməlidir
Ekspert bildirib ki, uçot dərəcəsinin artırılmasına baxmayaraq bu, kreditlərə daha çox təsir göstərir və kredit faizləri artır:
"Kredit faizləri artdıqca depozit faizlərində də müəyyən artım müşahidə edilməlidir. Yəni banklar daha cəlbedici təkliflərlə çıxış etməlidir. Hələlik bu sahədə yeniliklər yoxdur".
Valyuta depozitləri üzrə faizlər çox aşağıdır
Onun sözlərinə görə, valyuta depozitləri sərfəli deyil:
"Ona görə də bir çox hallarda valyuta depozitlərinin azalmasını görürük. Bəzən də rəsmilər bunu manata güvənin daha çox olması ilə izah edirlər. Amma azalma həm də ona görə baş verir ki, valyuta depozitləri ilə bağlı faizlər çox aşağıdır. Ortalama 1,5% civarındadır ki, bu da vətəndaşlara sərfəli deyil. Ona görə də valyuta depozitləri azalıb".
Banklar kredit faizlərini artırırlarsa, əmanət faizlərinə də diqqət etməlidirlər

"Manatla depozit gəlirlərinin də inflyasiyanın qurbanına çevrilməsi vətəndaşın bankda əmanət saxlamaq istəyinə mənfi təsir göstərə bilər. Əgər inflyasiyanın əmanət faizlərindən yüksək olması tendensiyası davamlı olacaqsa, vətəndaşlar öz əmanətlərini başqa cür dəyərləndirməyə çalışacaqlar. Məsələn, bu, xaricdə daşınmaz əmlakın alınması və sair ola bilər. Ona görə də banklar kredit faizlərini artırırlarsa, əmanət faizlərinə də diqqət etməli, ən azından inflyasiyanın yüksək olduğu dövrlərdə bunu cəlbedici hala gətirməyə çalışmalıdırlar", - deyə o qeyd edib.

Əsas məsələ inflyasiyanı aşağı salmaq, qiymət artımının qarşısını almaqdır
İqtisadçının sözlərinə görə, əhalinin qazancının 50-55%-i ərzağa xərclənir:
"Başqa sözlə, ərzaq çox ciddi göstəricidir. Ona görə də əmanət faizləri ərzaq inflyasiyası göstəricilərindən az olmamalıdır. Burada yeganə problem ondan ibarətdir ki, depozit faizləri çox artanda kredit faizləri daha da bahalaşacaq. Bu da biznes, istehlak kreditlərinə mənfi təsir göstərə bilər. Ona görə də əsas məsələ inflyasiya göstəricilərini aşağı salmaq və qiymət artımının qarşısını almaqdır ki, tarazlıq formalaşdırmaq mümkün olsun".
Əmanət üzrə gəlirlilik əvvəlki kimi normaldır
Bank sahəsi üzrə ekspert Firuz Manafov isə Sputnik Azərbaycan-a deyib ki, uçot dərəcəsinin qaldırılması əmanət faizlərinə də təsir edəcək:

"Hazırda banklarda əmanət yerləşdirmək sərfəlidir və yaxın gələcəkdə bu sahədə risklər görünmür. Əmanət üzrə gəlirlilik əvvəlki kimi normaldır. İnflyasiyanın əmanət gəlirlərinə heç bir aidiyyəti yoxdur. İnflyasiya təbii prosesdir. Əmanət faizləri təxminən illik 9-11% arasında dəyişir və normaldır".

Əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb
Qeyd edək ki, əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri ötən ilin noyabr ayında 1,9 faiz (167,1 milyon manat) artaraq 8 milyard 880,9 milyon manat təşkil edib (tarixi maksimum səviyyə). Mərkəzi Bankın məlumatına görə, əmanət portfelinin 59,3 faizi (5 milyard 267,7 milyon manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Ötən ilin dekabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslər də daxil olmaqla əhalinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 milyard 51,7 milyon manat təşkil edib. Əmanətlər son bir ayda 1,8 faiz, ilin əvvəlindən 10,7 faiz, ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artıb.
Əmanətlərin dollarlaşması azalıb
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 8,9 faiz bəndi azalaraq 41,9 faiz təşkil edib.
Uçot dərəcəsi artırılıb
Xatırladaq ki, 2021-ci dekabrın 17-də Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib.
İnflyasiya təzyiqləri artmaqdadır
Mərkəzi Bankın məlumatına görə, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.
Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir
İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdır. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.
Həmçinin oxuyun:
Bu gündən Azərbaycanda nələr dəyişəcək
Enerji, elektrik, qaz... Dövlət qurumlarının illik hesabatı
Maaşlar qalxdı, bəs qiymətlər? Fevralda inflyasiyanın sürətini hiss edəcəyik