BAKI, 2 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə 3 lüğət nəşr olunub.
Sputnik Azərbaycan APA-ya isitnadla xəbər verir ki, lüğətlərdən biri filologiya elmləri doktoru Səbinə Alməmmədova tərəfindən tərtib olunmuş "İngiliscə-azərbaycanca-rusca-türkcə texniki abreviaturalar lüğəti"dir. Lüğətdə 85000-dən çox termin toplanıb və onların dörd dildə ekvivalentləri verilib.
Digər lüğət professor Kənan Yusif-zadənin tərtib etdiyi "Tibbi terminlərin izahlı lüğəti"dir. Lüğət iki hissədən ibarətdir. Birinci hissə "Tibbi terminlər və onların izahı", ikinci hissə isə " Tibbi-laborator terminlər və onların izahı" adlanır. Lüğətə hazırda tibb elmində işləklik qazanan terminlərlə yanaşı, yeni terminlər də daxil edilib.
Bundan başqa elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranıb.
Bu tələblər nəzərə alınaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev və İqtisadiyyat və tikinti normaları şöbəsinin müdiri Eldar Nuriyev tərəfindən "Rusca-azərbaycanca inşaat terminləri lüğəti" tərtib edilib. Təqdim olunan lüğətdə inşaatda istifadə olunan terminlər toplanıb. Lüğətdə 5000-dən çox termin toplanıb və onların azərbaycanca ekvivalentləri verilib. Qeyd edək ki, daha 4 lüğət isə nəşrdədir.
Həmçinin oxuyun:
Atatürk fenomeni: Bestseller müəllifi, 48 saat fasiləsiz kitab oxuyan lider
Azərbaycanda intensiv şəkildə erməni dilinin öyrənilməsinə başlanılıb – Səbəb?