BAKI, 1 yanvar - Sputnik. Yanvarın 2-si saat 12:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, həmin müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək:
"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayramla əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Əvvəlki illərin təcrübəsindən məlumdur ki, bayramla əlaqədar qeyri-iş günlərində şəhər sakinləri respublikanın müxtəlif bölgələrində yerləşən istirahət zonalarına, rayonlardan isə əhali paytaxta səfər edir. Bu səbəbdən nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunur və bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini nəzərə almadan müəyyən edilmiş sürət həddini aşmaları, ara məsafəsi, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.
Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, təhlükəsizlik kəmərini özləri ilə yanaşı sərnişinlərin də bağlamasını təmin etməyi, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi, yuxusuz və sərxoş vəziyyətdə sükan arxasına əyləşməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı, yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi tövsiyə edir".
Həmçinin oxuyun: