BAKI, 31 dekabr — Sputnik. Bu gün Yeni il bayramı ilə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
Sputnik Azərbaycan bu gün ölkəmizin sərhədlərindən kənarda yaşayan həmvətənlərimiz və Azərbaycana bağlılığı ilə seçilən əcnəbilərlə söhbətləşib, onların arzuları və yeni illə bağlı planlarını öyrənib.
44 günlük zəfər tariximizin yazılmasında müzəffər Azərbaycan Ordusu ilə yanaşı, tibb işçilərimizin də rolu danılmazdır. Onların arasında düşmən gülləsinə tuş gələrək şəhid olanlar, hərbçilərlə çiyin-çiyinə vuruşan ağxalatlı zərif cinsdən olan tibb işçiləri də oldu. 2007-ci ildə ailə quraraq Türkiyəyə köçən və orada tibb bacısı kimi çalışan həmyerlimiz Ceyhunə Günər ötən il dar gündə Vətənini qorumaq üçün geri dönüb.
Ceyhunə Günər bu gün Azərbaycanı Türkiyədə layiqincə təmsil edən fəallardan biridir:
"Müxtəlif illərdə Azərbaycan Qadınlarının Mədəniyyəti və Həmrəyliyi Assosiasiyasında toplaşaraq Dirçəliş Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, 28 May Respublika Gününü qeyd etmişik. Ötən ilədək hər bayram günündə içimizdə bir qəribəlik vardı, ürəkdən sevinə bilmirdik. Gülüşümüz, sevincimiz sadəcə üzümüzdə olurdu. Ürəyimizin lap dərinliyində isə acı bir yara vardı - Qarabağ adlı bir yara. Hər bayramda deyirdik ki, inşallah, növbəti bayramı Qarabağda qeyd edərik".
Ceyhunə Günər
© Photo : Courtesy of Ceyhuna Guner
Ceyhunə xanım deyir ki, Vətəndən uzaqda olmaq özü də çox ağırdır: "Hər zaman Vətənimlə bağlı bir xəbər alanda çox həyəcanlanırdım. Müharibə xəbərini eşidən kimi Azərbaycana üz tutdum, şükürlər olsun ki, müzəffər ordumuzun sayəsində biz qələbə qazandıq".
Qardaş ölkədə yaşayan həmyerlimiz deyir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü onun üçün xüsusi əhəmiyyətə malikdir:
"Həmrəylik hərəkatı mənim ata yurdum Naxçıvandan başlamışdı. Beləcə, 1989-cu ildə xalqımızın iradəsi hər şeyə qalib gəldi, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd söküldü, illərdir ayrı olan Arazın o tayı ilə bu tayı qovuşdu. Bütün dünya azərbaycanlıları dünyanın dörd bir yanından dəstəklərini nümayiş etdirdilər.
Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu addımla dünya azərbaycanlılarında birlik ruhu yarandı. Qürbətdə yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimizlədir. Vətəni qorumaq övladlarımızın canı bahasına olsa belə, biz buna hər zaman hazırıq".
20 yaşlı amerikalı Mett Qarnett də sosial şəbəkə vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünyaya car çəkir. Daim Azərbaycana aid müxtəlif paylaşımlar edən, bizim milli geyimlərdən, məhsullardan ibarət kolleksiya yaradan və milli musiqimizin heyranı olan Mett bizə Azərbaycana olan sevdasından, planlarından danışıb.
Mett Qarnett
© Photo : Courtesy of Matt Garnett
O deyir ki, 11 yaşı olanda içində ölkəmizə qarşı böyük sevgi yaranıb: "Hələ o vaxt Azərbaycanda olmaq istəyirdim. Çünki təkcə Bakını o zamanlar şəkillərdən görərək çox təsirlənmişdim. Sonradan Azərbaycan haqda çox şeyi araşdırdım, öyrəndim. Bütün bunlardan sonra bildim ki, Azərbaycanda olmaq üçün çox səbəblərim var. Nəhayət, ötən il Azərbaycana gəldim. Amma Azərbaycanla bağlı ilk dəfə olaraq Sovet İttifaqının tarixi haqda oxuyarkən məlumat almışdım".
Mett təxminən bir il sonra dayısının iş üçün Bakıya getdiyini eşidib:
"Dayım bunu mənə deyəndə artıq Azərbaycan mənim üçün daha böyük maraq kəsb etməyə başladı və ölkəniz haqda müəyyən məlumatlar öyrənməyə başladım. İnternet üzərindən Azərbaycanın tarixini də araşdırmağa başladım. Azərbaycanla bağlı müəyyən məlumatları oxuya-oxuya bir də gördüm artıq Azərbaycandayam".
Mettin sözlərinə görə, Azərbaycanla bağlı təəssüratları bura gəlməzdən öncəki düşüncələrindən daha yüksək olub: "Hər şey gözlədiyimdən daha gözəl idi. Azərbaycan tolerant, multikulturalizmə malik ölkədir, bu ən çox təsirləndiyim faktlardan biridir. Bura elə bir yerdir ki, heç bir dini, irqi ayrı-seçklik yoxdur. Düşünürəm ki, Azərbaycan bununla dünyaya ən gözəl nümunədir. Hətta bu gün bütün ölkələr, eləcə də mənim vətənim Amerika da bu nümunədən bəhrələnməlidir. Yəni burada sənin hansı ölkədən olmağının, hansı etnik qrupa mənsub olmağının heç bir narahatlığı yoxdur. Burada hər kəs sülh içində yaşaya bilər".
Mett Qarnett
© Photo : Courtesy of Matt Garnett
O deyir ki, bu il də Yeni ili ənənəvi olaraq ailəsi ilə evdə, ABŞ-da keçirir. Onun növbəti illə bağlı ən böyük planı illərdir xəyalını qurduğu Qarabağda - Şuşada olmaqdır: "Şuşada, mədəniyyət və incəsənətin paytaxtı olan bu şəhərdə olub, elə oradaca dahi Üzeyir Hacıbəylinin bəstələrini dinləmək istəyirəm. Orada Molla Pənah Vaqifin əsərlərini oxumaq istəyirəm. Düşünürəm ki, növbəti Yeni il bayramını Şuşada qeyd etmək inanılmaz dərəcədə böyük təsir yaradacaq. Novruz və Zəfər Gününü də Şuşada qeyd etmək möhtəşəm olardı".
Estoniyalı İrina Kovzanovits də sosial şəbəkələrdə daim Azərbaycanla bağlı paylaşımları ilə diqqət çəkir. O, bu bayramı ailəsi və dostları ilə birgə qeyd edəcək:
"Bayram günü Azərbaycan paxlavası bişirəcəyəm. Ailəm və dostlarım uzun müddətdir ki, məndən paxlava gözləyirdilər. Artıq hər bayramda bu mənim üçün bir ənənəyə çevrilib. Hətta deyim ki, Yeni il süfrəmizdə Azərbaycanın milli paxlavası masada xüsusi yerə sahib olur".
Arzularının reallaşacağına inandığını deyən İrina ümid edir ki, qısa müddətdə yenidən Azərbaycana səfər edəcək: "Azərbaycanda çoxlu dostlarım var, onlarla görüşməyi səbirsizliklə gözləyirəm. Azərbaycana gələndə Qarabağa da getməyi planlaşdırıram".
Eləcə də oxuyun:
* “Bakıda yaxşı əllərdəyik” – xaricilər şəhərimiz haqqında