BAKI, 29 dekabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ildə 5,152 milyard manat olub. Bu, ötən illə müqayisədə 403 mln. manat və ya 8,5 faiz çoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Fondun gəlir və xərcləri
Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,810 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur. O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,430 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir.
O bildirib ki, DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri isə 4,841 milyard manatdır ki, bu da illik müqayisədə 2,8% çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı məcburi dövlət sığorta haqları üzrə müavinət, 125 milyon manatı digər xərclərdir.
Son 4 ildə pensiya, təqaüd və müavinətlər neçə faiz artıb?
Onun sözlərinə görə, son 4 ildə minimum pensiya 82 faiz artaraq 200 manat olub: "Bu dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib. Son 4 ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb".
H.Məmişov bildirib ki, bu dövrdə müavinətlərin orta məbləği 95 faiz, maksimum məbləği isə 65 faiz artıb: "4 illik dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2000 manata çatdırılıb. Yaşayış minimumu isə 26 faiz artaraq 196 manat olub".