BAKI, 29 dekabr — Sputnik. Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisdə bir oxunuşda qəbul edilib.
Vətəndaşın 240 manatdan aşağı pensiya ala bilməz
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, minimum pensiya 2019-cu ilin əvvəlində 120 manata yaxın idi, 2019-cu il oktyabrın 1-dən 200 manat olub: "İndi isə bu, 200 manatdan 240 manata qaldırılır. Pensiya təyin edilərkən əmək pensiyasının minimum məbləğindən aşağı olmamalıdır. Vətəndaşın əmək pensiyasının yığım hissəsi olmasa da hətta işləməyibsə də 240 manatdan aşağı pensiya ala bilməz".
Kim aşağı pensiya alırsa, onların hamısı artırılacaq
"Əgər vətəndaşın pensiyası 240 manatdan aşağıdırsa, bu, 240 manata çatdırılacaq. Bu 240 manat vətəndaşın əmək pensiyasının sığorta hissəsi hesab olunur. Başqa sözlə, vətəndaşın əmək pensiyasının sığorta hissəsi 240 manatdan aşağı ola bilməz. Əgər vətəndaş işləyibsə, əmək pensiyasının yığım hissəsi də varsa, bu, 240 manatın üzərinə əlavə edilir. Minimum pensiyanın artırılmasının bütün pensiya alanlara xeyri var. Kim aşağı pensiya alırsa, onların hamısı artırılacaq", - deyə o qeyd edib.
300 manat pensiya alana bu artımın təsiri var?
"Məsələn, 300 manat pensiya alana bu artım şamil ediləcəkmi?" sualına iqtisadçı belə cavab verib: "Bu, 300 manatın tərkibindəki sığorta və yığım hissəsindən asılıdır. Əgər vətəndaşın əmək pensiyasının sığorta hissəsi 210 manat, yığım hissəsi 90 manatdırsa, o zaman 210 manat 240 manata qaldırılacaq. Başqa sözlə, onun pensiyası 30 manat artırılaraq 330 manat olacaq. Lakin bu, hər 300 manat pensiya alanda eyni deyil, fərqli ola bilər. Yəni artım 300 manatın necə formalaşmasından (əmək pensiyasının sığorta və yığım hissəsindən) asılıdır".
Əhali inflyasiyanın mənfi təsirlərini kompensasiya edəcək
X.Kərimli bildirib ki, minimum pensiyanın 20 faiz artırılması əhəmiyyətlidir, ümumi pensiya səviyyəsinin artmasına gətirib çıxarır: "Bundan başqa, hər il inflyasiyaya uyğun olaraq pensiyalar indeksasiya olunur, artırılır. Təxminən bu, 1,1 milyonluq əhali deməkdir. Növbəti ildə yaşa görə əmək pensiyasının orta məbləğinin 358 manatdan 375 manata çatması gözlənilir. Bu, 5-6 faizlik artım deməkdir. Bu artımlar imkan verəcək ki, əhali ən azından 2021-ci ildəki inflyasiyanın mənfi təsirlərini müəyyən qədər kompensasiya etsin".
Minimal pensiya alanların sosial müdafiəsi yaxşılaşdırılır
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də aparılan sosial islahatların tərkib hissəsidir. Bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Xatırladaq ki, dekabrın 24-də parlamentin iclasında qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Eləcə də oxuyun:
* Deputat: Minimum əmək pensiyası da artacaq