AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qadın öz avtomobilində iş başında yaxalandı

Şəhər sakini Vüsalə Adilova "bazar" adlanan ərazidə özünə məxsus "Changan" markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Şəhər sakini Vüsalə Adilova "bazar" adlanan ərazidə özünə məxsus "Changan" markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Şöbəyə dəvət edilən qadının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.
V.Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.
Qeyd edək ki, dünən də Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat keçirilib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb.
Əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.
Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.
Həmçinin oxuyun:
Gəncədə qadın sahibkarın partlayıcı pirotexniki vasitələr satdığı aşkarlanıb
Bayram günləri sizi həbs edə bilərlər - DİN xəbərdarlıq etdi