BAKI, 28 dekabr — Sputnik. Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri bayram günlərində daha da intensivləşdirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq.
"Bir daha hotellərin işçi heyətinə və qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edir, pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq", - Agentlik bəyan edib.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: "Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir".