BAKI, 25 dekabr — Sputnik. Masallı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ibtidai istintaqla Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illəri əhatə edən dövr ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən cəmi 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına, rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış cəmi 275 min manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmin qanunsuz hərəkətlərini ört-basdır etmək üçün müvafiq rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməsinə, eləcə də bu yolla əldə etdiyi qanunsuz pul vəsaitlərini rayon ərazisində özünə məxsus istirahət mərkəzinin inşasına yönəltməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı Təranə Əliyevanın Cəlil Nəzərovun köməkçisi vəzifəsində işləyərkən sonuncunun qeyd olunan qanunsuz məqsədlərlə ümumilikdə 34 nəfərdən cəmi 52 min manat rüşvət almasında köməkçi qismində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Cəlil Nəzərov və Təranə Əliyevaya müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2, 311.3.3 (külli miqdarda təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə məhkəmənin qərarı ilə həbs qoyulması təmin edilib.
Həmçinin oxuyun: