TƏHLİL

Rusiya bəzi ölkələrdən meyvə idxalına qadağa qoydu - Bizim bazarımız genişlənirmi?

Rusiyaya Türkiyə və İrandan idxal edilən limon, naringi, bibər, üzüm və nar tədarükünün azalan həcmini digər ölkələrdən tədarük hesabına doldura bilər.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Rusiya Türkiyə və İrandan bəzi meyvə-tərəvəz məhsullarının idxalını dayandırıb. Məhdudiyyətlər Türkiyə və İranda naringi, limon, nar, üzüm və bibər istehsalı ilə məşğul olan 33 istehsalçıya şamil edilib. Buna səbəb məhsulların tərkibində müəyyən edilən pestisidlərdən zəhərlənmə riski olub. Rusiyaya Türkiyə və İrandan idxal edilən limon, naringi, bibər, üzüm və nar tədarükünün azalan həcmini digər ölkələrdən tədarük hesabına doldura bilər.
Başqa sözlə, Rusiya adı çəkilən ölkələrdən olan meyvə tədarükçülərini əvəzləyə bilər. Bəs Azərbaycan bundan istifadə edərək Rusiyaya meyvə tədarükünü artıra bilərmi? Türkiyə və İrandan meyvə tədarükü azaldıqca ölkəmiz Rusiya bazarında bu sahədə rəqiblərini üstələyə bilərmi?
Rusiyaya daha baha qiymətə meyvə sata bilərik
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, hazırda ölkəmiz əsasən nar, üzüm və digər meyvələri Rusiyaya ixrac edir:
"Rusiya Türkiyə və İrandan bəzi meyvə-tərəvəzin idxalını dayandırırsa, bizim bazar genişlənir. Bu zaman Rusiyaya daha baha qiymətə meyvə sata bilərik. Başqa sözlə, ixrac qiymətləri qalxa bilər. Rəqiblərin sıradan çıxması bizim üçün sərfəlidir".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
Azərbaycan narı bütün dünyada artıq brenddir
Ekspertin sözlərinə görə, limon və naringinin yerli istehsalı elə də çox deyil, odur ki, ölkəmizdə istehsal olunan bu meyvələr yerli tələbatı ancaq ödəyə bilər:

"Narın potensialı isə böyükdür. Azərbaycan narı bütün dünyada artıq brenddir. Azərbaycan narının əvəzi yoxdur, dadı özünəməxsusdur. Türkiyə və İran Rusiya bazarından çıxmasa belə, narımız həmişə brend olub və ona tələbat var. Üzüm isə böyük partiyalar ilə Rusiyaya göndərilmir. Çünki bizdə əsas iri istehsalçılar həmin üzümdən çaxır istehsal edirlər. Başqa sözlə, Rusiyaya az həcmdə üzüm göndərilir. Bazarda boşluq yarananda bizdə bibər sahələri artırıla bilər. Bibər ixracı üçün potensialımız var".

Fermerə yol xəritəsi verilməlidir
M.Həsənov bildirib ki, kənd təsərrüfatı elmi yanaşma tələb edən sahədir:
"Birillik bitkilərlə bağlı fermerlər əziyyət çəkir. Məsələn, bu il pomidor yaxşı satılırsa, hamı pomidor əkməyə başlayır və bu zaman pomidorun qiyməti aşağı düşür, əllərdə qalır. Sonra heç kim əkmir və bu zaman qiymət qalxır. Bu, tənzimlənməlidir, fermerə yol xəritəsi verilməlidir. Bununla bağlı məsləhət verəcək şirkətlər də yoxdur. Digər nümunə kimi alça problemini göstərmək olar. Yeni, böyük alça sahələri salınır. Çünki yazda qiyməti baha olur. İndi hamı alça əkir. 3-4 ildən sonra isə alçanın qiyməti 1 manatdan da aşağı olacaq. İndi azdır deyə bahadır. Sonra yenə onu ləğv edib, başqa meyvə əkəcəklər. Alça Rusiyada az istehlak edilir. Yerli bazar üçün də minlərlə hektar alça bağlarına ehtiyac yoxdur".
Fermerlər daha çox quru meyvə əksin
"Fermerlər daha çox quru meyvə (qoz, badam, fındıq) əkməlidirlər. Bu zaman sən satıcıdan asılı olmursan, satıcı səndən asılı olur. Qiymət ucuzdursa, məhsulu satmayıb, saxlayırsan, baha olanda satırsan. Amma yaş meyvəni isə saxlamaq olmur, tez satmalısan. Anbarda saxlamaq da baha başa gəlir. Bağ sahibi bazardan asılı olur", - deyə ekspert əlavə edib.
Azərbaycandan Rusiyaya 208 min ton meyvə ixrac olunub
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Rusiya bazarına 208.1 min ton və ya 230.9 milyon ABŞ dolları həcmində meyvə ixrac olunub. Bunun 22.0%-i xurmanın, 16.1%-i fındıq ləpəsinin, 13.4%-i albalı və gilasın, 12.6%-i şaftalının, 11.6%-i almanın payına düşüb.
Rusiyaya 125.5 min dollar məbləğində naringi göndərilib
S.Hacıyevanın məlumatına görə, Bu ilin 10 ayı ərzində 18.1 milyon ABŞ dolları həcmində nar ( o cümlədən Rusiyaya 16.6 milyon ABŞ dolları), 6.2 milyon ABŞ dolları həcmində üzüm (o cümlədən Rusiyaya 5.7 milyon ABŞ dolları), 127.9 min ABŞ dolları həcmində naringi (o cümlədən Rusiyaya 125.5 min ABŞ dolları), 7.1 min ABŞ dolları həcmində bibər (o cümlədən Rusiyaya 7.1 min ABŞ dolları) ixrac olunub", - deyə o əlavə edib.
Həmçinin oxuyun:
Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdı
Pomidor "baron"larına şad xəbər: Daha Rusiyadan icazə almağa gərək qalmadı
Rusiya buğdanın bir tonunu 315 dollara ixrac edir
Cəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur