İQTİSADİYYAT

BVF-dən Azərbaycana fiskal siyasət üçün tövsiyə

Fondun ekspertləri gözlənilməz gəlirlərə qənaət etməyi məsləhət görürlər.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir: "2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir", - sənəddə deyilir.
Fondun ekspertləri vurğulayırlar ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir.
Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır.
Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2021 Article IV Consultation") yekunlaşdırıb. BVF-nin sənədində bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası və neft qiymətlərinin enişindən ciddi zərərlə üzləşib, lakin hökumətin böyük yardım paketi şokun iqtisadi təsirini azaltmağa kömək edib. Qeyri-neft iqtisadiyyatının pandemiyadan bərpa olduğu üçün iqtisadi fəaliyyətin 2021-ci ilin nəticələrinə görə artacağı proqnozlaşdırılır.