AZƏRBAYCAN XƏBƏRLƏRİ

Umayra Tağıyeva: Xəzər dənizində suyun temperaturu artıb

Sputnik
BAKI, 23 dekabr — Sputnik. Xəzərin sahilyanı əraziləri üçün ssenarilər hazırlanacaq. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi sahil zonasında müəyyən ekoloji problemlərə səbəb olur:

"Xəzər dənizinin dinamikası barədə uzunmüddətli proqnozların verilməsi mümkün deyil. Səviyyənin dəyişməsi bir çox amillərdən asılıdır. Həmin amillərin dəyişməsinin proqnozunda da çoxsaylı qeyri-müəyyənliklər var".

Tağıyeva "Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları" adlı seminarda çıxışı zamanı deyib ki, Xəzər dənizində suyun temperaturu son 15 ildə 1,2 dərəcə artıb və bu, çox böyük göstəricidir:
"Dalğanın maksimum hündürlüyü də artıb. Bu artım elə də statistik əhəmiyyətli deyil. Ölkə ərazisində son 30 ildə yağıntıların miqdarı 10%-ə qədər azalıb. Son 5 ildə ölkə ərazisində yağıntılarda 4% azalma olub. Bundan başqa, 30 dərəcədən yüksək olan günlərin sayında avqustda 6 dəfə, iyulda 2,4 dəfə, iyunda isə 12 dəfə artım olub. Bu da o deməkdir ki, yay aylarında 6 dəfədən çox artım qeydə alınıb. Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 30 ildə 8 faiz azalıb, son 10 ildə isə 27 faiz azalma olub. Kür çayının mənsəbində sululuq son 30 ildə 22%, son 10 ildə isə 45% azalma olub".
Dənizdə dalğalar, arxiv şəkli
Xidmət rəisi vurğulayıb ki, 2040-2070-ci ilə qədər Azərbaycanın iqlim ssenariləri hazırlanıb. MPİ modelinə əsasən, 2020-2040-ci illər üçün havanın orta temperaturunda norma ilə müqayisədə əksər rayonlarda 1-1,5 dərəcə, Abşeron və cənubda 0,5-1,5 dərəcə artım proqnozlaşdırılıb. Eləcə də MPİ modelinə Abşeron və Aran regionunun şərq hissəsində yağıntıda artım, digər rayonlarda isə azalma proqnozlaşdırılır:
"Düzgün uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzər dənizinin gələcək səviyyə tərəddüdlərinin proqnozlarının verilməsi çox vacibdir. Bu məsələ nazirlik tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Azərbaycanda adaptasiya tədbirləri, bunların çərçivəsində sahilyanı ərazilər üçün də ssenarilər hazırlanacaq".
Həmçinin oxuyun:
Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir
Xəzər bizdən uzaqlaşır - narahat olmağa dəyərmi?