RUSİYA

Vladimir Putindən mətbuat konfransında Çinə xüsusi jest

Moskva və Pekin birlikdə yüksək texnoloji silahlar, təyyarələr və helikopterlər hazırlayır, birgə təlimlər və patrul həyata keçirir. Bu tarixdə görünməmiş hərtərəfli əməkdaşlıqdır.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Rusiya və Çinin işbirliyi beynəlxalq arenada sabitləşdirici faktordur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransında bildirib.

"Biz Çinin sədri ilə dost kimi danışırıq. Həqiqətən də, biz çox etibarlı şəxsi münasibət qurmuşuq və bu münasibət işlərə də yardım edir. İqtisadi sahədə. Asiya sürətlə inkişaf edir, Çin şəksiz liderdir. Təbii ki, biz bununla bağlı əlaqələri inkişaf etdiririk. Rusiya ilə Çin arasında artıq ticarət dövriyyəsi 100 milyard dollardır. Biz müxtəlif sahələrdə energetika, atom enerjisi, kosmos sahələrində əməkdaşlıq edirik. Humanitar sahədə işləyirik ki, təbii ki, bu da insanları birləşdirir", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti bildirib ki, Moskva və Pekin birlikdə yüksək texnoloji silahlar, təyyarələr və helikopterlər hazırlayır, birgə təlimlər və patrul həyata keçirir. Bu tarixdə görünməmiş hərtərəfli əməkdaşlıqdır.
Qeyd edək ki, bu gün Vladimir Putin Kremldə ölkə rəhbəri kimi 17-ci illik mətbuat konfransını keçirir.
Putin birinci prezidentlik dönəmindən, 2001-ci ildən etibarən genişmiqyaslı illik mətbuat konfransı keçirmək ənənəsinin əsasını qoyub. Bu tədbir daha çox ilin sonuna, dekabr ayına təsadüf edir.
Bu il mətbuat konfransının "Manej" sərgi mərkəzində keçirilməsi qərara alınıb.
Epidemioloji vəziyyətlə əlaqədar olaraq bu il jurnalistlərin akkreditasiyası yeni qaydada həyata keçirilib. Jurnalistləri tədbirə birbaşa Kremlin mətbuat xidməti dəvət edib. Cəmi 507 şəxs akkreditasiyadan keçirilib. Bu il mətbuat konfransına RTVI-dən Sergey Şnurov və xüsusi media layihəsinin müəllifi olan Kseniya Sobçak da dəvət olunublar.
Rusiya telekanalları həmişəki kimi yayıma üç saat efir vaxtı ayırıb, ancaq ümumilikdə vaxt məhdudiyyəti yoxdur. Məsələn, keçən il mətbuat konfransı 4 saat 29 dəqiqə davam edib. Bu formatın tarixində ən qısa tədbir isə 2001-ci ildə Prezidentin jurnalistlərlə söhbəti olub ki, o da cəmi saat yarım çəkib. 2008-ci ilin mətbuat konfransı isə müddətinə görə rekord qazanıb. Belə ki, həmin vaxt Putin 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.
Həmçinin oxuyun:
Putin böyük mətbuat konfransı keçirir - Canlı yayım
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi