BAKI, 23 dekabr - Sputnik. Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı demək deyil. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Məhəmməd peyğəmbərin təhqir edilməsi, yaxud Hitlerin şəklinin “Ölməz alay” saytında yerləşdirilməsi dini azadlığın pozulması və müsəlmanların müqəddəs hisslərinə toxunmaqdır:
"Bu cür hərəkətlər, məsələn, Fransadakı kimi, daha kəskin ekstremist cinayətlərə yol açır".
Qeyd edək ki, bu gün Vladimir Putin Kremldə ölkə rəhbəri kimi 17-ci illik mətbuat konfransını keçirir.
Putin birinci prezidentlik dönəmindən, 2001-ci ildən etibarən genişmiqyaslı illik mətbuat konfransı keçirmək ənənəsinin əsasını qoyub. Bu tədbir daha çox ilin sonuna, dekabr ayına təsadüf edir.
Bu il mətbuat konfransının "Manej" sərgi mərkəzində keçirilməsi qərara alınıb.
Epidemioloji vəziyyətlə əlaqədar olaraq bu il jurnalistlərin akkreditasiyası yeni qaydada həyata keçirilib. Jurnalistləri tədbirə birbaşa Kremlin mətbuat xidməti dəvət edib. Cəmi 507 şəxs akkreditasiyadan keçirilib. Bu il mətbuat konfransına RTVI-dən Sergey Şnurov və xüsusi media layihəsinin müəllifi olan Kseniya Sobçak da dəvət olunublar.
Rusiya telekanalları həmişəki kimi yayıma üç saat efir vaxtı ayırıb, ancaq ümumilikdə vaxt məhdudiyyəti yoxdur. Məsələn, keçən il mətbuat konfransı 4 saat 29 dəqiqə davam edib. Bu formatın tarixində ən qısa tədbir isə 2001-ci ildə Prezidentin jurnalistlərlə söhbəti olub ki, o da cəmi saat yarım çəkib. 2008-ci ilin mətbuat konfransı isə müddətinə görə rekord qazanıb. Belə ki, həmin vaxt Putin 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.
Həmçinin oxuyun: