BAKI, 23 dekabr — Sputnik. Ermənistan parlametinin "Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları hakimiyyətin Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirilməsinə dair təklifinə rədd cavabı verib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Qeyd edək ki, həmin görüşdə Qarabağdakı vəziyyət müzakirə olunmalı idi.
İki müxalifət fraksiyasının bu barədə birgə bəyanatında bildirilir ki, Paşinyanla görüşün qapalı formatda keçirilməsini məqsədəuyğun hesab etmirlər.
Məlumatda təklifin Ermənistan parlamentinin sədri Alen Simonyandan gəldiyi də bildirilmişdi.
"Xatırladaq ki, hələ 2020-ci ilin oktyabrında müharibə getdiyi vaxt Nikol Paşinyanla bu formatda görüş keçirilmişdi və həmin danışığın detalları indiyə kimi təhrif olunur. Aradan keçən müddət təsdiqlədi ki, hakimiyyət dəfələrlə xalqın arxasından şübhəli danışıqlar aparıb", – deyə bəyanatda bildirilir.
Müxalifət qüvvələri belə hesab edir ki, danışıqlar prosesi nə hərbi, nə də dövlət sirri deyil və erməni xalqı ilə bağlı məsələlərin müzakirə olunacağı görüş istənilən halda qapalı formatda keçirilməməlidir.
Müxalifət fraksiyaları bəyan edib ki, Paşinyanla yalnız açıq formatda, həm də bərabər şərtlər altında görüşə bilərlər, ancaq hakimiyyət buna razılıq verməz.