BAKI, 22 dekabr — Sputnik. Azərbaycan və Gürcüstanın müdafiə nazirləri general-polkovnik Zakir Həsənov və Cuanşer Burçuladze ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, iki ölkənin müdafiə nazirlikləri arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
General-polkovnik Zakir Həsənov birgə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı, bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb.
Müdafiə naziri həmkarına Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verib.
Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən C.Burçuladze bunun ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edərək əməkdaşlığımızın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini xüsusi vurğulayıb.
Gürcüstanın müdafiə naziri Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Regionda sülhün bərqərar olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcədə üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Eləcə də oxuyun:
* Ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb - Təfərrüat