BAKI, 21 dekabr - Sputnik. Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev çərşənbə axşamı, dekabrın 21-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, əgər bağçalara valideyn işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz.
“Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".
Nazir qeyd edib ki, Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir: ”Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər işləyir".
E. Əmrullayev həmçinin qeyd edib ki, təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması baxımından məktəbəqədər təhsil ən vacib pillələrdən biridir. Onun sözlərinə görə, hər bir insanın inkişafı onun həyatındakı ilk 1000 gündən çox asılıdır.