HADİSƏ

Beşmərtəbəli binada yanğın, tüstü uşaqları zəhərlədi, ölən var

Mingəçevirdə 5 mərtəbəli binada baş verən yanğında Bakıdan qonaq gedənlər uşaqlar da zəhərləniblər.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Mingəçevirdə səhər saatlarında 5 mərtəbəli binada yanğın olub. Qonşular alovun öhdəsindən gələ bilməyərək yanğınsöndürənləri çağırıblar. Alovu ram etmək mümkün olsa da, 81 yaşlı kişi tüstüdən zəhərlənərək ölüb.
Hadisə yerində
Sputnik Azərbaycan xəbər verir ki, yanğın hadisəsi şəhərin Ş.İ.Xətai küçəsi 11, mənzil 59 ünvanında baş verib. Həmin mənzildə kirayədə yaşayan Ağdam rayon sakini Tofiq Tərxanovu qonşular mənzildən çıxarıb təcili yardım əməkdaşlarına çatdırsalar da onun həyatını qurtarmaq mümkün olmayıb.
Alov binanı ağuşuna aldığından üst mərtəbələrdə yaşayanlar da tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıblar. Binanın 5-ci mərtəbəsində yaşayan Vəsilə Məmmədova Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, özü də daxil olmaqla ailə üzvlərindən 4-ü tüstüdən zəhərləniblər.
1 / 3
Hadisə yerində
2 / 3
Hadisə yerində
3 / 3
Hadisə yerində
"Yanğın olan binada 5-ci mərtəbədə yaşayırıq. Səhər gəlin dedi ki, ay ana, mətbəxdən tüstü qalxır. Eyvandan baxanda gördüm ki, aşağı mərtəbə yanır. FHN əməkdaşları yanğını söndürdülər. Mən, qızım Könül Məmmədova və iki nəvəm - Leyla və Allahverdi Murtuzovlar tüstüdən zəhərləndik, apardılar xəstəxanaya, yardım etdilər. İndi yaxşıyıq. Qızım və nəvələrim Bakıdan qonaq gəliblər", - V.Məmmədova deyib.
Yanğın hadisəsinin hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Eləcə də oxuyun:
* Qaş düzəldən yerdə göz çıxardılar - Bərdədə yanğının səbəbi
* Baba ilə nəvənin həlak olduğu evdən dəhşət saçan kadrlar