BAKI, 20 dekabr — Sputnik. Yuxuda ikən həddindən artıq tərləmə koronavirusun "Omikron" ştammına yoluxmadan xəbər verə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lids Universitetinin Bredford Tibb Məktəbinin terapevti və baş müəllimi Əmir Xan məlumat verib.
Həkim bildirib ki, quru öskürək, yüksək hərarət, qoxu və dadbilmənin itməsi kimi standart COVID-19 simptomlarına əlavə olaraq, "Omikron" variantında burun axması, baş ağrısı, yorğunluq və əzginlik də özünü göstərir.
O, həmçinin Cənubi Afrika həkimlərinin SARS-CoV-2-nin yeni növünə məruz qalmış xəstələrin gecələr artan tərləmədən şikayət etməyə başladığı ilə bağlı son açıqlamasına da toxunub.
"Bu zaman tərləmə elə güclü olur ki, gecənin bir yarısı qalxıb alt paltarlarını dəyişməli olursan", -deyə mütəxəssis bildirib.
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.
Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomundakı dəyişikliklərin çoxu bu variantın yüksək ötürücülüyə malik olmasından, eləcə də, xəstə və peyvənd olunmuş şəxslərdə əmələ gələn qoruyucu anticisimlərə qarşı müqavimətindən xəbər verir. Bununla belə, yekun nəticə çıxarmaq üçün zamana ehtiyac var.
Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Həmçinin oxuyun: