AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi

Deputat Azərbaycanın Qarabağda, Zəngəzur və Nargində kazinoların açılmasına icazə verib bununla turist cəlb edə biləcəyini deyib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:

"Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir".

Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".
Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.
Həmçinin oxuyun:
Evdə qumar oynayıb, karantin qaydalarını pozdular
Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər